media-whatsapp-image-2026-08-20-at-10-36-40

Alimlər dərinin yaşlandıqca niyə əvvəlki kimi yaxşı bərpa olunmadığını və qoruyucu baryer funksiyasını zəif saxladığını müəyyən ediblər.

ERAmedia-nın məlumatında görə, araşdırma göstərib ki, yaşlanma prosesində iki zülal molekulu — BMAL1 və YAP — fəaliyyətini dəyişərək epidermis hüceyrələrində iltihabla əlaqəli genlərin aktivliyini artırır.

Tədqiqat İspaniyanın Sant Joan de Deu Araşdırmalar İnstitutundan Giyomar Solanas və Salvador Asnar Benitanın rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb. Araşdırmanın nəticələri Nature Aging elmi jurnalında dərc olunub.

BMAL1 normal şəraitdə orqanizmdə müxtəlif proseslərin sutkalıq ritmini tənzimləyən bioloji saatın əsas komponentlərindən biri kimi tanınır. YAP isə hüceyrələrə ətraf mühitdə baş verən mexaniki dəyişikliklərə reaksiya verməyə kömək edir.

Tədqiqatçılar müəyyən ediblər ki, epidermisdə bu iki zülal sutkalıq ritmlərdən asılı olmayaraq bir-biri ilə qarşılıqlı əlaqədə olur və gənc yetkinlərdə dəri hüceyrələrinin normal vəziyyətinin və funksiyalarının qorunmasına kömək edir.

Yaşlandıqca dərinin xüsusiyyətləri dəyişir: onun sərtliyi artır və iltihabi siqnalların sayı çoxalır. Nəticədə BMAL1 və YAP DNT-də iltihab genlərinin fəaliyyətini tənzimləyən bölgələrdə daha çox toplanır və həmin genlərin aktivliyini gücləndirir.

Yeni araşdırma bu prosesdə IL-17 zülalının rolunu da üzə çıxarıb. Eyni elmi qrup 2023-cü ildə IL-17-nin dərinin yaşlanmasında əsas amillərdən biri olduğunu müəyyən etmişdi. Siçanlar üzərində aparılan təcrübələrdə IL-17-nin müvəqqəti bloklanmasının xroniki iltihabı azaltdığı və dəridə bəzi yaşlanma dəyişikliklərini ləngitdiyi məlum olmuşdu.

İndi isə alimlər bu zəncirin növbəti mərhələsini araşdırıblar. Dərinin daha dərin qatında — dermada immun hüceyrələri tərəfindən istehsal olunan IL-17 epidermis hüceyrələrində YAP-ın aktivləşməsinə kömək edir. Tədqiqatçılar yaşlı siçanlarda IL-17-ni blokladıqda YAP ilə əlaqəli aktivlik, eləcə də araşdırılan iltihab genlərinin ekspressiyası azalıb.

Beləliklə, alimlər dərinin yaşlanması ilə xroniki iltihab arasında əlaqəni izah edən mexanizmi müəyyənləşdiriblər. IL-17 siqnalı epidermis hüceyrələrinə təsir göstərir və YAP və BMAL1 vasitəsilə iltihab genlərinin fəaliyyətinin güclənməsinə səbəb olur.

Alimlərin fikrincə, bu kəşf yaşlandıqca dərinin normal vəziyyətini qorumaq, zədələndikdən sonra bərpa olunmaq və effektiv qoruyucu baryer funksiyasını saxlamaq qabiliyyətinin niyə zəiflədiyini daha yaxşı anlamağa imkan verir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər