Yaşlı nəsil rəqəmsal dünyada: Rahatlığın arxasındakı təhlükələr - FOTO
Əvvəllər pensiya vaxtı çatanda və ya kommunal xərcləri ödəmək lazım gələndə yaşlılarımız səhər tezdən evdən çıxar, poçta və ya banka gedər, növbədə dayanaraq işlərini həll edərdilər. İllərlə formalaşmış bu qayda onlar üçün artıq ənənəyə çevrilmişdi.
İndi isə həmin işlərin böyük hissəsini evdən çıxmadan, mobil tətbiqlər və digər rəqəmsal platformalar vasitəsilə həyata keçirmək mümkündür. Pensiyalar kartlara köçürülür, kommunal ödənişlər onlayn edilir, bank əməliyyatlarından həkim qəbuluna yazılmağa qədər bir çox xidmət rəqəmsal mühitə keçir.
Gənc nəsil üçün bu, vaxta qənaət və rahatlıq deməkdir. Lakin illərlə fərqli qaydada yaşayan yaşlılar üçün rəqəmsal xidmətlərə keçid heç də həmişə asan olmur. Bəs yaşlı nəsil bu sürətli dəyişikliklərə necə uyğunlaşır? Rəqəmsal xidmətlərdən istifadə zamanı onları hansı çətinliklər və təhlükələr gözləyir?
ERAmedia mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Yaşlı nəslin mürəkkəb labirinti…
“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev bildirir ki, illərlə kassada canlı ünsiyyət quraraq işlərini həll etməyə, pullarını elə oradaca nağd şəkildə əllərində hiss etməyə alışmış insanlar üçün smartfon ekranı, QR və OTP kodları rahatlıqdan çox, mürəkkəb bir labirinti xatırladır.
“Onlar rəqəmsallaşmaya öz istəkləri ilə deyil, zamanın tələbi ilə uyğunlaşmağa çalışırlar. Yaşlı insanlar rəqəmsal mühitdə əsasən üç istiqamətdə çətinlik çəkirlər: interfeysin mürəkkəbliyi, terminologiya və texnologiyadan istifadə zamanı yaranan ehtiyatlılıq.
Bank tətbiqlərindəki kiçik şriftlər, çoxmərhələli və mürəkkəb menyular, həmçinin “skan”, “autentifikasiya”, “QR-kod” kimi texniki terminlərin gündəlik dildə anlaşılan qarşılığının olmaması istifadədə çətinlik yaradır.
Bundan əlavə, rəqəmsal əməliyyatların anında həyata keçirilməsi və bəzən geri qaytarılmasının çətin olması, məsələn, səhvən başqa hesaba pul göndərmək qorxusu yaşlı insanlarda ciddi psixoloji gərginlik yaradır”, – ekspert qeyd edib.

Yaşlı istifadəçilər sosial mühəndisliyin qurbanı olurlar
Mütəxəssis bildirir ki, rəqəmsal savadlılığın aşağı olması yaşlı insanları kiberdələduzların hədəfinə çevirə bilər.
“Kibercinayətkarlar texnoloji proseslərin necə işlədiyini bilməyən bu qrupun zəif cəhətlərindən istifadə edirlər. Onlayn mühitin xüsusiyyətlərini və fiziki dünyada tətbiq olunan təhlükəsizlik qaydalarının rəqəmsal mühitdə necə dəyişdiyini anlamamaq onları manipulyasiyalara daha həssas edir.
Təcrübə göstərir ki, yaşlı istifadəçilər əsasən sosial mühəndisliyin qurbanı olurlar. Yəni telefonla əlaqə saxlayan və özünü bank əməkdaşı və ya polis kimi rəsmi şəxs qismində təqdim edən insanlara şəxsi məlumatlarını, parol və PİN-kodlarını verirlər.
Digər səhvlərdən biri də güclü parollardan istifadə etməmələridir. Onlar sadə, asanlıqla təxmin edilə bilən və ya bütün platformalarda eyni olan parollar seçirlər.
Üçüncü problem isə şübhəli keçidlərə daxil olmalarıdır. “Hədiyyə qazandınız” və ya “Hesabınız bloklanıb” məzmunlu saxta mesajlardakı keçidlərə daxil olmaq şəxsi məlumatların oğurlanmasına şərait yaradır”, – F.Musayev vurğulayıb.

Rəqəmsal təcrid riski
Ekspertin sözlərinə görə, xidmətlərin tamamilə onlayn formata keçirilməsi yaşlı insanların rəqəmsal mühitdən kənarda qalması riskini artıra bilər.
“Bu, ciddi sosial problemdir. Dövlət xidmətlərinin, nəqliyyat və bankçılıq sahələrinin tamamilə onlaynlaşdırılması texnologiyaya uyğunlaşa bilməyən yaşlı insanların rəqəmsal təcridinə səbəb ola bilər.
Əgər fiziki xidmət məntəqələrinin və canlı dəstək imkanlarının sayı minimuma endirilərsə, bu qrup gündəlik ehtiyaclarını qarşılamaq üçün ya yaxınlarından tam asılı vəziyyətə düşəcək, ya da sosial və iqtisadi proseslərdən geri qalacaq”, – ekspert bildirib.
Tətbiqlər sadə və böyük şriftli olmalıdır
F.Musayev vurğulayır ki, problemin həlli həm texnoloji, həm də maarifləndirici yanaşma tələb edir.
“Texnoloji şirkətlər tətbiqləri yaşlı insanlar üçün daha sadə, böyük şriftli, səslə idarə oluna bilən və minimum addımla istifadə ediləcək formada hazırlamalıdırlar. Xüsusi təlim proqramları tətbiq olunmalı, dövlət və özəl sektor tərəfindən yaşlılar üçün sadə dildə kibersavadlılıq dərsləri təşkil edilməlidir.
Banklar və dövlət qurumları isə yaşlı istifadəçilər üçün daha aydın izahlarla müşayiət olunan, istifadəsi asan və əlavə təhlükəsizlik imkanlarına malik sistemlər qurmalıdırlar. Məsələn, şübhəli əməliyyatlar zamanı əlavə səsli təsdiq tələb edən mexanizmlərdən istifadə oluna bilər”, – o qeyd edib.

Özlərini yetərsiz hiss edirlər
Mövzunun psixoloji tərəfinə toxunan psixoloq Aysel Qafarova hesab edir ki, rəqəmsal dünyaya uyğunlaşmaqda çətinlik çəkmək yaşlı insanlarda özünəinamın azalmasına və sosial təcrid hissinin güclənməsinə səbəb ola bilər.
“Yaşlılar rəqəmsal dünyaya uyğunlaşmaq və gündəlik ehtiyaclarını müstəqil şəkildə qarşılamaq istəyirlər. Bunu bacarmadıqda özlərini yetərsiz hiss edə bilərlər. İnsanın xarakterindən asılı olaraq, bu vəziyyət müxtəlif psixoloji və sosial çətinliklərə, hətta özünü təcrid etməsinə səbəb ola bilər”, – psixoloq bildirib.
Onun sözlərinə görə, rəqəmsal mühitdə yaşanan çətinliklər yalnız texniki bacarıqlarla bağlı deyil.
“Uyğunlaşmaqda çətinlik çəkən insanlar başqalarından asılı vəziyyətə də düşə bilərlər. Onlarda “bacarmıram” düşüncəsi formalaşır və bu da özünəinamın azalmasına səbəb olur.
2025-ci ildə Böyük Britaniyada 65 yaşdan yuxarı 3 300 nəfərin iştirakı ilə aparılan araşdırmada respondentlərin 17%-i rəqəmsal baxımdan tam təcrid olunmuş, 30%-i isə internetdən məhdud istifadə edən qrup kimi müəyyənləşdirilib”, – A.Qafarova deyib.

“Dövr dəyişsə də, mən də bu dövrdə varam”
A.Qafarova qeyd edir ki, kiberdələduzluq halları ilə bağlı xəbərlər də yaşlı insanlarda narahatlığı artırır.
“Bizim dəstəyimiz yalnız onlara istiqamət verməkdən və ya hər hansı işi onların əvəzinə həll etməkdən ibarət olmamalıdır. Əsas məqsəd onların öz ehtiyaclarını sərbəst şəkildə qarşılaya bilmələri üçün rəqəmsal dünyaya inteqrasiyasına şərait yaratmaqdır.
Bu zaman onlar özlərini təcrid etməz və “dövr dəyişsə də, mən də bu dövrdə varam” hissini yaşayarlar”, – psixoloq bildirib.
A.Qafarova hesab edir ki, yaşlı insanların rəqəmsal mühitə uyğunlaşması üçün canlı dəstək imkanları ilə yanaşı, praktiki təlimlərin təşkili də vacibdir.









