media-1675354121_424715595_0_211_3072_1939_1400x0_80_0_0_406e1e6a629b63c22b7c31a2ef5db2a6

Yaxın Şərqdə güc mübarizəsi artıq yalnız silahlar və açıq hərbi əməliyyatlarla məhdudlaşmır. Regionda təsir uğrunda yarış getdikcə daha çox psixoloji, sosial və gizli kəşfiyyat üsulları üzərindən aparılır.

media-photo_5361792427817113874_w

  • Eylem Okumuş

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, bu “səssiz savaş”ın ən diqqətçəkən elementlərindən biri jurnalist kimliyi altında fəaliyyət göstərən qadın agentlərdir.

Onun sözlərinə görə, “bu şəxslər çox vaxt görünməz qalır, sorğulanmır və məhz buna görə ən effektiv alətlərdən birinə çevrilir”.

Eylem Okumuş qeyd edir ki, qadın agentlərin sahədəki üstünlüyü sistemin onları təhlükə kimi qiymətləndirməməsi ilə bağlıdır.

“Nəzarət məntəqələrində, böhran zonalarında və qapalı mühitlərdə kişilərin qarşılaşdığı maneələr qadınlar üçün çox vaxt mövcud olmur. Jurnalist kimliyi isə bu keçidi daha da legitimləşdirir,” – deyə o vurğulayıb.

Ekspertin fikrincə, xüsusilə kişi dominant cəmiyyətlərdə bu vəziyyət daha qabarıq görünür. “Kişilərin daxil ola bilmədiyi sahələr – ailədaxili mühit, qadınlararası ünsiyyət – əslində ən həssas məlumatların dövr etdiyi məkanlardır. Qadın agentlər bu sahələrə təbii şəkildə daxil olaraq kritik məlumatlara çıxış əldə edir,” – Okumuş bildirib.

Eylem Okumuş əlavə edib ki, kəşfiyyat fəaliyyətində insan psixologiyası və zəifliklər həlledici rol oynayır. Onun sözlərinə görə, “bal tələsi” kimi tanınan üsullar tarix boyu müxtəlif kəşfiyyat qurumları tərəfindən istifadə olunub və bu gün də aktuallığını qoruyur. “İnsan emosiyaları çox vaxt ən güclü müdafiəni belə zəiflədir,” – deyə o qeyd edib.

Mütəxəssis hesab edir ki, bu cür üsullar yalnız qadın agentlərlə məhdudlaşmır. “Eyni metodlar kişilər tərəfindən də tətbiq olunur. Lakin qərarverici mövqelərdə əsasən kişilərin olması qadın agentlərin fəaliyyətini daha görünən edir,” – o əlavə edib.

Bununla yanaşı, ekspert bu tendensiyanın ciddi risklər yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, jurnalist kimliyinin kəşfiyyat məqsədləri üçün istifadəsi real jurnalistlərə olan etimadı sarsıdır. “Artıq sahədə çalışan hər jurnalist potensial risk kimi qəbul edilir. Bu isə həm informasiya mühitinə, həm də jurnalistlərin təhlükəsizliyinə ciddi zərbə vurur,” – Okumuş deyib.

Sonda mütəxəssis bildirib ki, Yaxın Şərqdə qadın agentlərin artan rolu təsadüfi deyil, sistemli strategiyanın nəticəsidir. “Onların görünməzliyi əsas üstünlükdür. Empati qabiliyyəti isə bu prosesdə mühüm vasitəyə çevrilir. Ən təhlükəlisi isə odur ki, bu əməliyyatlar çox vaxt heç bir iz qoymadan tamamlanır,” – deyə o, fikrini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər