Yaxın Şərqin geosiyasi sirləri yeni kitabda: Mütəxəssisdən diqqətçəkən araşdırma
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuşun “İran: Güc, qırılma və yeni nizam” (Güc, Kırılma və Yeni düzen) adlı yeni kitabı çapdan çıxıb.
ERAmedia xəbər verir ki, kitab Yaxın Şərqdə baş verən geosiyasi proseslərdən bəhs edir.
Yaxın Şərqdə illərdir böhranlar, partlayan raketlər, dəyişən ittifaqlar və bitmək bilməyən gərginliklər davam edir. Lakin bölgədə baş verən hadisələr çox vaxt yalnız görünən tərəfdən ibarət olmur. Pərdəarxasında formalaşan münasibətlər, qəbul edilən qərarlar və qurulan siyasi balanslar proseslərin gedişinə düşünüldüyündən daha çox təsir göstərir.
Bu kitab Yaxın Şərqə İran prizmasından nəzər salaraq, təkcə son hadisələri deyil, həm də onların arxasında dayanan güc münasibətlərini təhlil edir. Əsərdə enerji marşrutlarından proksi qüvvələrə, diplomatik addımlardan regional rəqabətə qədər geniş mövzular araşdırılır.
Müəllif Eylem Okumuş bir-birindən ayrı görünən hadisələrin əslində necə vahid mənzərənin tərkib hissəsi olduğunu, regionun əsas aktorlarının hansı hesablarla hərəkət etdiyini və uzun illərdir davam edən qarşıdurmaların arxa planını izah etməyə çalışır.
Kitabın səhifələrini vərəqlədikcə oxucu təkcə münaqişələri deyil, həm də onları formalaşdıran əlaqələri və prosesləri daha yaxından görmək imkanı qazanır. Çünki bəzən əsl həqiqət gündəlik xəbərlərin başlıqlarında görünəndən xeyli fərqli olur.
1975-ci ildə Ərzincanda anadan olan Eylem Okumuş akademik biliklərini sahədən əldə etdiyi müşahidə və təhlillərlə birləşdirərək Yaxın Şərqin güc balansı, münaqişə dinamikası və geosiyasi qırılma nöqtələri üzərində ixtisaslaşıb. Turizm və Biznesin İdarə Edilməsi sahəsində bakalavr təhsilini başa vurduqdan sonra Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə təhsil alaraq elmi fəaliyyətini bu istiqamətdə daha da dərinləşdirib.
Yazıçılıq fəaliyyətində regionun görünməyən strukturlarını, zorakılığın cəmiyyət daxilindəki köklərini və qlobal müdaxilə mexanizmlərini araşdıran əsərləri ilə diqqət çəkən Eylem Okumuşun “Təbiətimizdəki zorakılıq” (Doğamızdaki Şiddet) və “Yaxın Şərq və İŞİD həqiqəti” (Ortadoğu ve IŞİD Gerçeği) adlı kitabları 2014-cü ildə, “Kürd tələsi” (Kürt Kapanı) və “Strateji yaddaş itkisi” (Stratejik Hafıza Kaybı) adlı əsərləri 2016-cı ildə, “İran: Güc, qırılma və yeni nizam” (İran Güç Kırılma Yeni Düzen) adlı kitabı isə 2026-cı ildə nəşr olunub.
Nəşriyyat və media sahəsində uzun illərə söykənən təcrübəyə malik olan Okumuş Siyah Beyaz Yayınları nəşriyyatında redaktor, Truva Yayınları və Emre Yayınları nəşriyyatlarında baş redaktor vəzifələrində çalışıb. Eyni zamanda milli qəzet və jurnallarda dərc olunan analitik yazıları ilə tanınıb. Global Savunma jurnalında xəbər müdiri vəzifəsini icra edib, hazırda isə həmin jurnalda GAM Yaxın Şərq və Avrasiya direktoru kimi fəaliyyətini davam etdirir.
Bununla yanaşı, onun köşə yazıları mütəmadi olaraq dərc olunur, analitik məqalə və qiymətləndirmələri Türkiyə sərhədlərini aşaraq beynəlxalq mediada da geniş yer alır.
Eylem Okumuş Avropa Jurnalistlər Assosiasiyasının və Beynəlxalq Yazıçılar və Jurnalistlər Assosiasiyasının (UYGAD) üzvüdür. O, tədqiqatlarını təhlükəsizlik, geosiyasət və güc arxitekturası mövzuları üzərində cəmləşdirir, sahədən əldə etdiyi müşahidələrə əsaslanan təhlilləri ilə müasir münaqişə mühitinə yeni baxış təqdim edir.
Rəsul Mirhəşimli









