Yayın 2026-cı ilin ən çox gözlənilən 5 smartfonu açıqlandı
“GizmoChina” redaksiyası 2026-cı ilin avqust ayında təqdimatı gözlənilən ən maraqlı beş smartfonun siyahısını hazırlayıb. Siyahıya Google, Vivo, iQOO və Poco brendlərinin yeni modelləri daxil edilib.
ERAmedia xəbər verir ki, birinci yerdə Google Pixel 11 seriyası qərarlaşıb. Xəttin rəsmi təqdimatı avqustun 12-nə planlaşdırılıb. Seriyaya Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL və qatlana bilən Pixel 11 Pro Fold modellərinin daxil olacağı gözlənilir.
Məlumata görə, bütün modellər yeni Tensor G6 prosessoru, minimum 256 GB daxili yaddaş, təkmilləşdirilmiş kameralar və Gemini süni intellekt funksiyaları ilə təchiz ediləcək. Həmçinin arxa paneldə bildirişləri göstərmək üçün Pixel Glow adlı işıq modulunun olacağı iddia edilir.
İkinci yerdə yer alan iQOO Z11 modelinin MediaTek Dimensity 7500 prosessoru, 6,83 düymlük AMOLED ekranı və 90 Vt sürətli enerji doldurmanı dəstəkləyən 9020 mAh tutumlu batareyaya sahib olacağı bildirilir. Smartfonun əsas kamerasının 50 MP, ön kamerasının isə 32 MP olacağı gözlənilir. Model əsasən uzun batareya ömrünə və yüksək performansa üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub.
Üçüncü sırada Vivo V80 qərarlaşıb. Qurğunun 1,5K təsvir ölçülü və 144 Hz yenilənmə tezliyinə malik 6,59 düymlük ekran, Snapdragon 7 Gen 4 prosessoru və 7200 mAh batareya ilə təqdim ediləcəyi gözlənilir. Üçlü əsas kamera sisteminə 50 MP əsas və 50 MP periskop kamera daxil olacaq.
Dördüncü yerdə olan Poco M8 Power 5G modelinin təqdimatı avqustun 4-nə planlaşdırılıb. İstehsalçı artıq 8000 mAh batareyanı, AMOLED ekranı və 50 MP əsas kameranı təsdiqləyib. Smartfonun Snapdragon 4 Gen 4 prosessoru, 120 Hz ekranı, IP65 qorunma dərəcəsi və 45 Vt sürətli enerji doldurma texnologiyası ilə təchiz ediləcəyi gözlənilir. Bu model siyahının ən əlçatan qiymətli cihazlarından biri hesab olunur.
Beşinci sırada isə Vivo S2 yer alıb. Bildirilir ki, model yeddi ildən sonra yenidən bərpa olunan Vivo S seriyasının ilk nümayəndəsi olacaq. Smartfonun 6,59 düymlük AMOLED ekran, MediaTek Dimensity 7360 prosessoru, 80 Vt sürətli enerji doldurmanı dəstəkləyən 7000 mAh batareya, 50 MP əsas və 32 MP ön kamera ilə satışa çıxacağı ehtimal edilir.
ÜGizmoChina”nın qiymətləndirməsinə əsasən, avqust ayında təqdim olunacaq yeni smartfonların əsas üstünlükləri böyük tutumlu batareyalar, müasir ekran texnologiyaları və təkmilləşdirilmiş kamera imkanları olacaq. İlk təqdimatların isə artıq avqustun əvvəlindən başlayacağı gözlənilir.
Vüsalə









