Yəmən müharibəsində yeni mərhələ: Növbəti hədəf bu ölkədir
Yəmən müharibəsində vəziyyətin yeni mərhələyə keçdiyi bildirilir.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, Ənsarullah silahlı qüvvələrinin generalı Abid Səvr Təizdən sonra növbəti hədəfin Səudiyyə Ərəbistanı ərazisi olacağını açıqlayıb.
Kənan Rövşənoğlu qeyd edib ki, bu açıqlama Ənsarullah qüvvələrinin Təizdən sonra cənuba, Ədən istiqamətinə deyil, şimala – Səudiyyə Ərəbistanı ərazisinə yönələcəyi ehtimalını gündəmə gətirir.
Onun sözlərinə görə, bu baxımdan Yəməndəki münaqişənin artıq yalnız ölkə daxilində gedən müharibə kimi qiymətləndirilməsi çətinləşir. Kənan Rövşənoğlu hesab edir ki, proses faktiki olaraq Səudiyyə Ərəbistanı ilə Yəmən arasında qarşıdurma xarakteri alıb.
Araşdırmaçı jurnalistin fikrincə, Səudiyyə Ərəbistanı rəhbərliyinin son addımları da bu təhlükənin ciddi qəbul edildiyini göstərir. O bildirib ki, Ər-Riyadın ordu toplaması və hərbi hazırlıqları artırması diqqət çəkir.
Kənan Rövşənoğlu eyni zamanda ABŞ ordusunun bəzi hərbçilərinin bu gün Səudiyyə Ərəbistanını tərk etməsi barədə yayılan xəbərlərə də diqqət çəkib. Onun fikrincə, bu iki hadisə arasında birbaşa əlaqənin olub-olmadığını hazırda dəqiq söyləmək çətindir.
Bununla yanaşı, jurnalist hesab edir ki, regionda Səudiyyə Ərəbistanının təhlükəsizlik siyasətində müəyyən dəyişikliklərin əlamətləri görünür. Kənan Rövşənoğlu bildirib ki, Ər-Riyadın artıq yalnız ABŞ-a deyil, Türkiyə və Pakistana da daha çox güvənməsi regionda yeni reallığın formalaşmasının ilk əlamətlərindən biri sayıla bilər.
Kənan Rövşənoğlu ABŞ ilə İran arasındakı müharibəyə də toxunaraq bildirib ki, qarşıdurmanın hələ başa çatacağı görünmür. Onun fikrincə, ABŞ-İran müharibəsi davam etməklə yanaşı, qarşıdakı mərhələdə daha da şiddətlənə bilər.
Vural









