Yeni aldığı evdən sərvət tapıldı
İspaniyanın Lugo şəhərində yaşayan Tono Pineiro yeni aldığı evdə təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb.
ERAmedia xəbər verir ki, o, çəkiclə divarı sökdüyü anda içəridən altı ədəd “Nesquik” kakaosu qabı çıxıb. Qabların içində isə ümumi dəyəri təxminən 47 min funt sterlinqə bərabər olan köhnə pesetalar saxlanılıb. Pineiro uzun illər evdə gizlədilən bu məbləğin həqiqi bir sərvət olduğunu düşünərək böyük sevinc yaşayıb.
“The Mirror” nəşrinin məlumatına görə, ev sahibinin sevinci uzun sürməyib. Çünki İspaniya 2002-ci ildə avroya keçdikdən sonra pesetalar dövriyyədən çıxarılıb. Üstəlik, banknotların bir qismi illər ərzində o qədər zədələnib ki, bankların dəyişdirmə tələblərinə cavab verməyib. Bank əməkdaşları pesetaların avroya çevrilməsi üçün son tarixin artıq keçdiyini bildirərək məbləğin böyük hissəsinin dəyərsiz olduğunu Pineiroya izah ediblər.
Buna baxmayaraq, Pineiro pesetaları bir-bir ayıraraq daha yaxşı vəziyyətdə olanları bankaya aparıb və onların bir hissəsini avroya çevirməyə nail olub. Onun əlinə ümumilikdə təxminən 32 min avro keçib. Dəyərə çevrilməsi mümkün olmayan köhnə və zədələnmiş pesetaları isə “evin keçmişindən bir xatirə” kimi saxlamağa qərar verib.
Vural Həsənoğlu









