Yeni Dövlət Proqramı minlərlə iş yerinin açılmasına imkan yaradacaq
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet istiqamətləri üzrə mühüm hədəflər müəyyənləşdirilib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, azad edilmiş ərazilərdə qızıl, mis və molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiqi mədənçıxarma sənayesində istehsal həcminin daha da artmasına şərait yaradacaq.
Deputatın sözlərinə görə, Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. O qeyd edib ki, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Vüqar Bayramov vurğulayıb ki, yeni iş yerlərinin böyük hissəsi regionların payına düşəcək.
Deputat mədənçıxarma sənayesində mövcud göstəricilərə də diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci ildə bu sektorda 37 milyard manatlıq məhsul istehsal olunub. Eyni zamanda, xam neft və qaz hasilatında azalma tendensiyası müşahidə edilib. Belə ki, həmin sahədə istehsal həcmi 2024-cü ildəki 38,2 milyard manatdan 2025-ci ildə 33,3 milyard manata qədər azalıb.
Vüqar Bayramov bildirib ki, metal filizlərinin hasilatında isə əhəmiyyətli artım qeydə alınıb. Onun sözlərinə görə, 2024-cü ildə 383 milyon manatlıq metal filizi hasil edildiyi halda, bu göstərici 2025-ci ildə 730 milyon manata yüksəlib və beləliklə, sektor üzrə hasilat təxminən iki dəfə artıb.
Deputat əlavə edib ki, mədənçıxarma sənayesinə göstərilən xidmətlərin həcmi də yüksəlib. Bu göstərici 2024-cü ildəki 2,5 milyard manatdan 2025-ci ildə 2,7 milyard manata çatıb.
Vüqar Bayramov hesab edir ki, Dövlət Proqramının icrası nəticəsində sahə üzrə göstəricilərdə daha ciddi dəyişikliklər baş verəcək. Onun fikrincə, proqramın həyata keçirilməsi illik 1 milyard manatdan çox əlavə dəyərin formalaşmasına imkan verəcək və qeyri-neft sektorunun inkişafına yeni təkan qazandıracaq.
Vural










