media-1789368428307634886

5-ci Baku ID-nin ilk dəfə yeni yaradılan SABAH.city innovasiya şəhərciyində keçirilməsi builki tədbirin diqqətçəkən məqamlarından biri olub.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Baku ID-yə marağın əvvəlki illərlə müqayisədə xeyli artdığını bildirib. Onun sözlərinə görə, tədbirdə bir neçə nazir, Prezidentin köməkçisi Şahmar Mövsümov, SOCAR və PAŞA Holding rəhbərliyi, dövlət qurumlarının, universitetlərin, texnologiya şirkətlərinin, investorların, startapların və innovasiya ekosisteminin digər əsas iştirakçıları iştirak edib.

Osman Gündüz qeyd edib ki, SABAH.city-də olarkən bəzən müasir dövrdə belə böyük fiziki məkana ehtiyacın olub-olmaması ilə bağlı fikirlər səslənib. Onun fikrincə, Baku ID-nin keçirilməsi bunun əksini göstərib.

“Əslində isə ötən gün baş verənlər bunun əksini göstərirdi. SABAH.city kimi platforma çox vacibdir. Düzünü desəm, biz belə bir platformanın yaradılmasında hətta 5-10 il gecikmişik”, – deyə o bildirib.

Osman Gündüzün sözlərinə görə, universitet, elm, dövlət, biznes, investor, startap və texnologiya şirkətlərinin bir araya gəlməsi üçün ölkədə vahid fiziki platformanın formalaşması əhəmiyyətlidir.

O bildirib ki, SABAH.city bu baxımdan unikal imkan yaradır:

“Qlobal təcrübə göstərir ki, innovasiya yalnız onlayn əlaqələrdən və ayrı-ayrı startap proqramlarından yaranmır. İnsanların, ideyaların, elmin, kapitalın və biznesin davamlı olaraq qarşılaşdığı fiziki mühit də ekosistemin inkişafında ciddi rol oynayır”.

Osman Gündüz hesab edir ki, SABAH.city-nin əsas üstünlüklərindən biri müxtəlif ekosistem iştirakçılarının eyni məkanda qarşılaşmasına imkan verməsidir. Onun sözlərinə görə, tələbə laboratoriyadan çıxaraq startapla, startap investorla, alim texnologiya şirkəti ilə, biznes universitetlə, dövlət isə bütün bu tərəflərlə eyni məkanda əlaqə yarada bilər.

O qeyd edib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov da Baku ID-də SABAH.city-ni uzun müddətdir ehtiyac duyulan iqtisadi subyektlərin, təhsil ekosisteminin, innovatorların, maliyyə və icmanın bir araya gəldiyi məkan kimi qiymətləndirib.

Azərbaycan İnternet Forumunun rəhbəri vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin, Yüksək Texnologiyalar Parkının bazasında SABAH.HUB komandası tərəfindən belə böyük miqyaslı innovasiya məkanının bir ildən az müddətdə bu səviyyəyə gətirilməsi əhəmiyyətli nəticədir.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Prezident İlham Əliyevin şəhərciyin açılışında iştirakı, ardınca isə Baku ID kimi böyük innovasiya tədbirinin burada keçirilməsi məkanın artıq real fəaliyyətə başladığını göstərir.

Osman Gündüz hesab edir ki, növbəti mərhələdə əsas məsələ yaradılmış infrastrukturu işlək ekosistemə çevirməkdir.

“Universitet tədqiqatları kommersiyalaşmalı, startaplar yaranmalı, investorlar gəlməli, qlobal texnologiya şirkətləri burada tədqiqat və inkişaf mərkəzləri açmalı və buradan beynəlxalq bazara çıxan məhsullar yaranmalıdır”, – deyə o bildirib.

YTP-nin Ekspertlər Şurasının üzvü olduğunu xatırladan Osman Gündüz bu istiqamətdə artıq bir sıra addımların atıldığını da qeyd edib.

O vurğulayıb ki, proses ardıcıl və düzgün qurularsa, SABAH.city yalnız innovasiya ekosisteminin toplandığı məkan deyil, həm də həmin ekosistemin inkişafını sürətləndirən əsas mərkəzlərdən birinə çevrilə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər