Yeni iş yerləri əsasən bu şəhər və rayonlarda yaradılacaq
Növbəti illərdə qeyri-neft sektorunda, xüsusilə dağ-mədən və metallurgiya sənayesində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində istehsal və emal potensialının artırılması ilə yanaşı, yeni məşğulluq imkanlarının yaradılması da əsas hədəflərdəndir.
Deputatın sözlərinə görə, proqramın icrası nəticəsində rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların və qeyri-neft ixracının artırılması, eləcə də regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.
“Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda mədənçıxarma sənayesində 32 963 nəfər çalışır. Onlardan 4 063 nəfəri qadınlardır. Xam neft və təbii qaz hasilatı sahəsində əmək müqaviləsi ilə çalışanların sayı 19 638 nəfərdir. Metal filizlərinin hasilatı sahəsində isə 1 987 vətəndaşımızın əmək müqaviləsi qeydiyyatdan keçib. Mədənçıxarma sənayesinə xidmət göstərən sahələrdə çalışan muzdlu işçilərin sayı 8 633 nəfərdir və onların 1 268-ni qadınlar təşkil edir”, – deyə Vüqar Bayramov qeyd edib.
O bildirib ki, yeni iş yerlərinin əsasən Bakı və Gəncə şəhərlərində, həmçinin Daşkəsən, Balakən, Kəlbəcər və Qarabağda yaradılması nəzərdə tutulur.
“Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, rayonda pellet istehsalı və İBD zavodunun qurulması da həyata keçiriləcək. Gəncə şəhərində “Azəralüminium” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması yeni iş yerlərinin yaradılmasına imkan verəcək. “Baku Steel Company” QSC tərəfindən tikişsiz boru istehsalı sahəsində istehsal güclərinin yaradılmasının dəstəklənməsi isə paytaxtda məşğulluq imkanlarını genişləndirəcək”, – deputat vurğulayıb.
Vüqar Bayramovun sözlərinə görə, proqram çərçivəsində Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı, həmçinin özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.
Deputat əlavə edib ki, Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilat və emal prosesinin qurulması, sənaye istismarına başlanılması, Balakən rayonunda Filizçay polimetal yatağının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması üçün qərar qəbul edilməsi planlaşdırılır.
“Eyni zamanda, “R.V. Investment Group Services, LLC” və onun əməliyyat şirkəti tərəfindən Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi də proqramda nəzərdə tutulub”, – Vüqar Bayramov deyib.
O qeyd edib ki, yaradılacaq yeni iş yerləri yalnız texniki işçilərlə məhdudlaşmayacaq. Dağ-mədən və metallurgiya layihələrinin genişlənməsi nəticəsində müxtəlif ixtisaslar üzrə peşəkar kadrlara da tələbat artacaq.
“Xüsusən mühəndislər, geoloqlar, mədən ölçməçiləri, yəni geodezistlər, eləcə də əmək təhlükəsizliyi üzrə mütəxəssislər üçün yeni vakansiyaların yaranacağı gözlənilir. Bu baxımdan proqramın icrası həm sənaye istehsalının genişlənməsinə, həm də ixtisaslı kadrlar üçün yeni məşğulluq imkanlarının formalaşmasına şərait yaradacaq”, – deputat bildirib.
Vüsalə









