Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra olunub
Yeni Klinikada kəskin işemik insultun müalicəsində ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib.
ERAmedia-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Müayinələr zamanı sağ orta beyin arteriyasının tromboemboliyası aşkarlanıb.
İnvaziv radioloq Ağakişi Yəhyayev tərəfindən pasiyentə təcili mexaniki trombektomiya icra olunub. Tromb damardan çıxarılaraq beyinin qan dövranı bərpa edilib.
Müdaxilədən sonra pasiyentin müalicəsi İnsult Mərkəzinin şöbə müdiri Minarə Çərkəzzadə və həkim-nevroloq Emin Nəsirovun nəzarəti altında davam etdirilib. Nevroloji əlamətləri tam aradan qalxan pasiyent 5 günlük stasionar müalicədən sonra evə buraxılıb.
Qeyd edək ki, tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə icra olunan mexaniki trombektomiya insult zamanı tıxanmış beyin damarının açılmasına və qan dövranının bərpasına imkan verən müasir müalicə üsuludur.









