Yeni Konstitusiya Ermənistanın beynəlxalq öhdəliklərinə necə təsir edə bilər? – ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı müraciət ölkənin gələcək dövlətçilik konsepsiyasına dair mühüm siyasi mesajlar kimi dəyərləndirilir.
ERAmedia xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirib ki, ilk baxışdan təbrik xarakteri daşıyan bu çıxış əslində Ermənistanın gələcək dövlətçilik modelinə dair siyasi manifest təsiri bağışlayır. Onun sözlərinə görə, müraciətin ən mühüm hissəsi hakim siyasi çoxluğun seçki proqramına yeni Konstitusiyanın qəbul edilməsinin daxil edildiyinin açıq şəkildə bəyan olunmasıdır.
Ə.Nuriyev qeyd edib ki, bu, sadəcə növbəti konstitusiya islahatı ilə bağlı fikir deyil, Ermənistanın mövcud dövlət modelinin yenidən nəzərdən keçirilməsinə yönəlmiş siyasi iradənin rəsmi təsdiqidir.
Fond sədrinin sözlərinə görə, Paşinyan mövcud Konstitusiyanın hüquqi qüvvəsini deyil, onun siyasi legitimliyini müzakirə edir. O vurğulayıb ki, Ermənistan vətəndaşlarında uzun illər dövlət tərəfindən müəyyən edilən hüquqi qaydaların məhz xalqın iradəsindən qaynaqlandığına dair inam formalaşmayıb. Bu isə Konstitusiyanın mövcudluğundan çox, onun cəmiyyət tərəfindən mənimsənilməsi məsələsini gündəmə gətirir.
Ə.Nuriyev bildirib ki, müasir konstitusiya hüququnda legitimlik yalnız referendumun keçirilməsi ilə ölçülmür. Onun fikrincə, əsas məsələ xalqın Konstitusiyanı öz siyasi iradəsinin və dövlətlə bağladığı ictimai müqavilənin ifadəsi kimi qəbul edib-etməməsidir.
O əlavə edib ki, Paşinyanın istinad etdiyi “xalq dövlətin sahibidir” tezisi təsis hakimiyyəti konsepsiyasına əsaslanır. Həmin konsepsiyaya görə dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır və yeni Konstitusiya bu iradənin hüquqi ifadəsi olmalıdır.
Əliməmməd Nuriyev diqqətə çatdırıb ki, Paşinyan “Konstitusiyaya dəyişiklik ediləcəyini” deyil, “yeni Konstitusiyanın qəbul ediləcəyini” bəyan edir. Onun sözlərinə görə, bu iki anlayış konstitusiya hüququnda fərqli məna daşıyır. Dəyişiklik mövcud hüquqi sistemin saxlanılması şərti ilə onun təkmilləşdirilməsini nəzərdə tutduğu halda, yeni Konstitusiyanın qəbulu yeni təsis iradəsinin, yeni siyasi-hüquqi modelin və müəyyən mənada dövlətin özünü yenidən müəyyənləşdirməsinin hüquqi forması hesab olunur.
Fond sədri bildirib ki, Paşinyanın çıxışında diqqət çəkən məqamlardan biri də dövlət identikliyi ilə bağlı yanaşmadır. O qeyd edib ki, müraciətdə ardıcıl şəkildə “Ermənistan Respublikası” anlayışı ön plana çəkilir, əvvəlki illərin siyasi ritorikasında mühüm yer tutan tarixi və etnik-siyasi tezislər isə demək olar ki, yer almır. Bu isə Ermənistanın dövlət ideologiyasında və siyasi düşüncəsində yeni mərhələyə keçid cəhdi kimi qiymətləndirilə bilər.
Ə.Nuriyevin fikrincə, əsas sual yeni Konstitusiyanın məzmununun necə olacağı ilə bağlıdır. O bildirib ki, Konstitusiyanın adı və ya qəbul edilmə proseduru onun mahiyyətini müəyyən etmir. Əsas məsələ dövlətin hansı prinsiplər üzərində qurulacağı, Ermənistanın Müstəqillik Bəyannaməsinə münasibətin necə ifadə ediləcəyi, qonşu dövlətlərlə münasibətləri müəyyən edən hüquqi müddəaların dəyişib-dəyişməyəcəyi, həmçinin beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin yeni konstitusiya mətnində necə əks olunacağıdır.
O vurğulayıb ki, bu suallar cavablandırılmadan yeni Konstitusiya təşəbbüsünün hüquqi nəticələri barədə qəti fikir söyləmək mümkün deyil.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan üçün məsələnin mahiyyəti də məhz bu məqamlarla bağlıdır. Onun sözlərinə görə, rəsmi Bakı uzun müddətdir davamlı sülhün hüquqi əsaslarından birinin Ermənistanın hüquqi sistemində Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılması olduğunu bildirir. Bu yanaşma təsadüfi siyasi tələb deyil, dövlətlər arasında bağlanacaq sülh müqaviləsinin dayanıqlılığı tərəflərin daxili hüquq sistemində həmin müqaviləyə zidd hüquqi əsasların qalmamasından da asılıdır.
Fond sədri bildirib ki, beynəlxalq hüququn fundamental prinsiplərindən olan pacta sunt servanda – bağlanmış müqavilələrə vicdanla əməl edilməsi prinsipi də bunu tələb edir. Əgər daxili hüquq sistemi gələcəkdə beynəlxalq öhdəliklərin icrasına mane ola biləcək müddəaları özündə saxlayırsa, bu, hüquqi qeyri-müəyyənlik yaradır və tərəflər arasında etimadı zəiflədir.
Əliməmməd Nuriyev hesab edir ki, Paşinyanın bəyanatının əsas əhəmiyyəti yeni Konstitusiya vəd etməsində deyil, Ermənistanın ilk dəfə olaraq dövlətçilik modelini yenidən müəyyənləşdirmək niyyətini bu qədər açıq şəkildə siyasi gündəliyinə daxil etməsindədir. Onun sözlərinə görə, prosesin real nəticələrini yalnız gələcək konstitusiya layihəsinin konkret müddəaları göstərəcək.
O vurğulayıb ki, tarix göstərir, yeni Konstitusiya qəbul edən hər bir dövlət təkcə yeni hüquqi mətn qəbul etmir, həm də öz gələcəyi barədə seçim edir. Konstitusiya dövlətin siyasi kimliyini, hüquqi dəyərlər sistemini və gələcək inkişaf istiqamətini müəyyən edən əsas sənəd olduğundan, onun məzmunu hər zaman adından daha böyük əhəmiyyət daşıyır.
Fond sədrinin fikrincə, Ermənistanın qarşısında duran əsas məsələ yeni Konstitusiyanın qəbul edilib-edilməməsi deyil, həmin Konstitusiyanın hansı dövlət fəlsəfəsini ifadə edəcəyidir. O bildirib ki, əgər yeni hüquqi model beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin qarşılıqlı suverenliyinə, ərazi bütövlüyünə hörmətə və regional əməkdaşlığa əsaslanarsa, bu, yalnız Ermənistanın daxili siyasi həyatı üçün deyil, bütün Cənubi Qafqazda davamlı sülh və etimadın formalaşması baxımından da mühüm dönüş nöqtəsi ola bilər.
Ə.Nuriyev sonda qeyd edib ki, konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil. Onun sözlərinə görə, bu proses yalnız gələcək sülh sazişinin hüquqi dayanıqlığını və uzunmüddətli sabitliyini möhkəmləndirə biləcək mühüm daxili hüquqi mexanizmlərdən biridir. Əks halda, sənədin adı dəyişsə belə, onun doğura biləcəyi hüquqi və siyasi nəticələrin mahiyyəti dəyişməyəcək.
Əlihüseyn Salam










