Yeni müharibə ssenarisi: ABŞ hərbi zərbələrini bu adaya yönəltdi
ABŞ-ın İranın Xarq adasına yönəltdiyi hərbi zərbələr regionda gərginliyi artırıb.
ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu addım ABŞ-ın İran rejiminin dirənişini qırmaq istiqamətində C planı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, A planı (Xamneyinin öldürülməsi və hava zərbələri ilə rejimin təslim olması – A.N.) baş tutmayıb, B planı (əsasən kürd silahlı qruplarının hərəkətə gətirilməsi) isə təxirə salınıb. Hazırda əsas fokus İranın gəlir mənbəyi olan neft ixracına zərbə vurmaqdır. Xarq adasının hədəfə alınması məhz bu məqsədə hesablanıb, çünki ada ölkənin neft ixracının 90 faizini təmin edir.
Tramp açıqlayıb ki, əgər İran Hörmüz boğazında keçidə problem yaradarsa, ABŞ neft infrastrukturunu məhv etməyə hazırdır. Bu isə həm regionda gərginliyi artırır, həm də müharibənin gedişatına təsir göstərə biləcək iki mümkün ssenarini ortaya çıxarır: ya hərbi hədəflər məhv edildikdən sonra adaya nəzarət üçün xüsusi təyinatlılar yeridiləcək, ya da neft infrastrukturu tamamilə məhv ediləcək.
Asif Nərimanlı bildirir ki, ABŞ-ın məqsədi İranı gəlirlərdən məhrum edərək rejimi təslim olmağa məcbur etməkdir. Hava zərbələrində Bəsic məntəqələrinin vurulması isə İran daxilində mümkün küçə aksiyalarında rejimin müqavimətini zəiflətmək üçün atılan addımlardan biridir. İran isə bu ssenarilərə qarşı sərt cavab verə, Müctəba Xamneyinin dediyi “yeni cəbhələri” aça bilər.
Vural










