Yeni nizamın kəsişməsində Bakı: Qafqaz, Orta Asiya və Yaxın Şərq üçbucağı

Azərbaycan-ABŞ münasibətləri beynəlxalq quruluşun çürük hökmlərini dəyişdirməkdə oxşar ideyalara sahibdir.
ERAmedia xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov bildirib.
O qeyd edib ki, Bakı ilə Vaşinqtonun əlaqələri yeni nizamda orijinal bir mərhələyə daxil olur.
“Cənubi Qafqaz regionu, Mərkəzi Asiya regionu,
Yaxın Şərq coğrafiyası bu fazanın bucaqlarıdır və onlar bir-birilə qırılmaz surətdə bağlıdır.
Azərbaycan fərqli nizama hazırlaşır: Bir tərəfdən Çinlə müttəfiqlik əlaqələri, digər yandan ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsi.
Azərbaycan mümkün perspektiv beynəlxalq geosiyasi qarşıdurmalarda balans aktını indidən müəyyənləşdirir”, – deyə o bildirib.
Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan uzunmüddətli hədəfdə özünü daha böyük qlobal hadisələrə, o cümlədən Çinin Tayvanı birləşdirmək strategiyasının doğuracağı reaksiyalara hazırlayır:
“Çin və ABŞ ilə əlaqələr indidən hesablanaraq incə bir tarazlıq vəziyyəti yaradılır. Azərbaycanın:
– Cənubi Qafqazdakı liderliyi,
– Mərkəzi Asiyada yüksəlişini təmin etmək üçün atdığı addımları,
– Yaxın Şərqdəki geosiyasi iştirakı,
– Avropanın enerji təhlükəsizliyindəki rolu onun qarşıdurma ssenarilərindəki mövqelərini əlverişli edəcək”.
A.Kərimovun sözlərinə görə, ABŞ ilə münasibətlər ikitərəfli rejimin də fövqünə çıxaraq gələcək üçün beynəlxalq dəyişikliklərdə əməkdaşlığın konturlarını cızır.
“Münasibətlərin tempi qorunub-saxlanılsa, ABŞ-nin Türk Dövlətləri Təşkilatına strateji diqqəti artacaq. Mümkündür ki, əsasən Azərbaycan, Türkiyə və Qazaxıstan TDT-nin quruluşunda ABŞ-Çin əməkdaşlığı üçün bu iki gücə təkliflər təqdim etsin. Bu, TDT-ni beynəlxalq aktorlarla müttəfiqlik əlaqələri fonunda onu qlobal statuslu qərarlar verən bir orqana çevirə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mələk Onur









