Yeniliklər niyə çətin qəbul olunur? – Deputat açıqladı
Milli Məclisin deputatı yaradıcı fəaliyyət sahələrində yeniliklərin və inkişafın yalnız azad düşüncə, cəsarət və qətiyyət sayəsində mümkün olduğunu bildirib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ədəbiyyat, elm, kino, teatr, rəsm, musiqi, fəlsəfə, sosiologiya və psixologiya hər zaman yaradıcılıq fantaziyasına açıq sahələr olub. Onun sözlərinə görə, istedadlı insanlar öz yaradıcılıq məhsullarını cəmiyyətin mühafizəkar qəliblərinə uyğunlaşdırmamalı, əksinə, onları cəmiyyətin qarşısına cəsarətlə çıxarmalıdırlar.
Deputat qeyd edib ki, yeni ideyaların ilk mərhələdə birmənalı qarşılanmaması təbiidir və yaradıcı insan tənqid, təzyiq və hücumlar qarşısında geri çəkilməməlidir. O vurğulayıb ki, əsas məsələ öz ideyasını qorxmadan və çəkinmədən müdafiə etməkdir.
Fazil Mustafanın fikrincə, son illərdə cəmiyyətin geriçi münasibəti ilə üzləşən bəzi yaradıcı şəxslər ilk kütləvi təzyiqlərdən sonra ya geri çəkilir, ya da mücərrəd şəkildə üzr istəməyi üstün tuturlar. Deputat hesab edir ki, bu yanaşma yaradıcı mühitin inkişafına mane olur.
O bildirib ki, tarixdə Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir kimi görkəmli şəxsiyyətlər məhz dövrün mühafizəkar düşüncəsinə qarşı mübarizə apardıqları üçün bu gün də yaşayırlar. Onun sözlərinə görə, həmin insanlar cəmiyyətə deyil, gələcəyə iz qoymağı və düşüncə mirası yaratmağı qarşılarına məqsəd qoyublar.
Deputat vurğulayıb ki, bugünkü dövrü dəyişmək mümkün olmadıqda, gələcəyin formalaşmasına xidmət edən ideyalar ortaya qoymaq lazımdır. O qeyd edib ki, yaradıcı sahələr fədakarlıq, prinsipiallıq və öz düşüncəsini qətiyyətlə müdafiə etmək bacarığı tələb edir. Bu xüsusiyyətlər olmadan ədəbiyyatda, kinoda, teatrda, elmdə və incəsənətdə ciddi yeniliklərə nail olmaq mümkün deyil.
Fazil Mustafa yaradıcı insanları öz mövqelərində qətiyyətli olmağa çağıraraq bildirib ki, yalnız dirəniş göstərən insanlar başqalarının da dəstəyini qazana bilirlər. O əlavə edib ki, özü də uzun illər fikirlərinə görə təhqir, hədə və təzyiqlərlə üzləşsə də, doğru bildiyi mövqeni müdafiə etməkdən çəkinməyib.
Deputat sonda məşhur bir fikri xatırladaraq bildirib: “Hara gedəcəyini bilməyən gəmiyə külək də kömək etməz”. Bu ifadənin yaradıcı insanların məqsədyönlü və prinsipial fəaliyyətinin vacibliyini əks etdirdiyini vurğulayıb.









