media-17780584333592861074_1200x630

“Yüksəliş” müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin Ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub.

Müsabiqənin işçi qrupundan bildirilib ki, iştirakçılar imtahan nəticələri ilə şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Ümumi biliklər imtahanında iştirak edən 10 min 176 nəfərdən 8551-i Analitik təhlil imtahanında iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, bu mərhələyə keçid üçün minimum 60 bal tələb olunub.

Növbəti mərhələyə keçən iştirakçıların 6250 nəfəri kişi, 2301 nəfəri isə qadındır. Yaş bölgüsünə əsasən, uğur qazanan namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Analitik təhlil imtahanında iştirak hüququ qazananlardan 3385 nəfəri 21-30 yaş, 4362 nəfəri 31-40 yaş, 804 nəfəri isə 41-51 yaşaralığındadır. Nəticələrə əsasən, növbəti mərhələyə keçən iştirakçılar arasında 21 yaşlı 35 nəfər, 51 yaşlı isə 11 nəfər yer alır.

İqtisadi rayonlar üzrə göstəricilərə nəzər saldıqda ən çox iştirakçı Bakı şəhəri üzrə qeydə alınıb. Paytaxtdan 4271 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Digər yüksək göstəricilər isə Abşeron-Xızı iqtisadi rayonu üzrə 596 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 468 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 406 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 373 nəfər təşkil edib.

Təhsil müəssisələri üzrə nəticələrə əsasən, bakalavriat dərəcəsi üzrə ən yüksək göstəricilər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunları tərəfindən göstərilib.

Namizədlərin çalışdıqları sektorlar üzrə bölgüsünə əsasən, Analitik təhlil imtahanında iştirak hüququ qazananların 53.35 faizi dövlət sektorunda, 44.13 faizi özəl sektorda, 1.42 faizi qeyri-hökumət təşkilatlarında, 1.10 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.

Ümumi biliklər imtahanını uğurla başa vuran namizədlər mayın 6-16-da keçiriləcək “Profili tamamla” turunda iştirak edəcəklər. Bu mərhələdə iştirakçılar şəxsi kabinetləri vasitəsilə tələb olunan məlumatları tamamlamalı və növbəti proseslər üçün profillərini yeniləməlidirlər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları qiymətləndirilir. Müsabiqə qalibləri Mentorluq proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər.

Müsabiqədə iştirak etmək üçün namizədlər 21-51 yaş aralığında Azərbaycan Respublikasının vətəndaşı olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.


media-adspc

Bənzər xəbərlər