“Zabit heyətini təkmilləşdirmə kursu”nun buraxılış mərasimi olub
Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit heyətini təkmilləşdirmə kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
ERAmedia-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov təcrübəli kadr potensialının artırılmasının vacibliyini qeyd edib. Həmçinin kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə gələcək xidmətlərində uğurlar arzulayıb.
Dinləyicilər isə öz növbələrində kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bidiriblər.
Sonra “Zabit heyətini təkmilləşdirmə kursu”nu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə isə fəxri fərmanlar təqdim olunub.
Sonda kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.










