Zakir Fərəcov Çində səfərdədi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
ERAmedia xəbər verir ki, Səfərin məqsədi Azərbaycanla Çin arasında, xüsusilə də Sumqayıt şəhəri ilə Çin şəhərləri arasında dostluq, humanitar və iqtisadi əlaqələrin daha da genişləndirilməsidir. Səfər çərçivəsində nümayəndə heyəti Mianyang şəhərinin tərkibində olan Jiangyou şəhərinin meri ilə görüşüb. Görüşdə Sumqayıt və Jiangyou şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması, təhsil, mədəniyyət, sənaye və texnologiya sahələrində birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.
Zakir Fərəcov səfər çərçivəsində Çinin Siçuan əyalətinin Cianyou şəhərində olub. Burada o, 2008-ci ilin mayında Siçuan əyalətində baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan dövlətinin göstərdiyi humanitar yardımın simvoluna çevrilmiş Xouba qəsəbəsindəki məktəbi ziyarət edib.
Məlumat verilib ki, həmin zəlzələ nəticəsində məktəb binası tamamilə dağılmışdı. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə Siçuan əyalətində dağıdılmış məktəb yenidən inşa olunmuşdur. 2008-ci ilin dekabrında Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində müasir tədris avadanlıqları ilə təchiz olunmuş, bütün lazımi şəraiti olan məktəb binasının inşasına başlanılıb və 2012-ci ilin fevralında layihə tam başa çatdırılıb.
Məktəbdə keçirilən görüş zamanı Zakir Fərəcov şagirdlər və pedaqoji kollektivlə səmimi söhbət aparıb, Azərbaycan xalqının dost Çin xalqına olan hörmət və ehtiramını çatdırıb. Prezident İlham Əliyevin adından məktəbə kompüterlər hədiyyə olunub. Şəhər rəhbərliyi göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlığını ifadə edib və nümayəndə heyəti rəhbərindən Onun salamlarını çatdırmağı xahiş edib.
Nümayəndə heyəti səfər çərçivəsində Çin tarixinin ən görkəmli şairlərindən biri sayılan Li Bainin doğulduğu şəhərdə də olub. Zakir Fərəcov Li Bainin yaşadığı, hazırda muzey kimi fəaliyyət göstərən evdə olub, burada qədim Çin mədəniyyəti, poeziya ənənələri və iki xalqın mədəni irsinin oxşar cəhətləri barədə məlumat alıb. Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri Azərbaycanla Çin arasında dostluq münasibətlərinin dərinləşməsinə, həmçinin humanitar və təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edir.