media-c1165b1bd4eb88660d6e26e389ee2c8a8318b0da

Zaqatala rayonundan götürülmüş arı nümunələrinin molekulyar-genetik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə Genetik Ehtiyatlar İnstitutunun laboratoriyasında DNT ekstraksiyası həyata keçirilib.

Əldə olunan genom DNT-si yerli arı populyasiyalarının genetik müxtəlifliyinin, Qafqaz arısı (Apis mellifera caucasica) ilə genetik yaxınlığının və digər arı cinsləri ilə mümkün fərqlərinin müəyyənləşdirilməsi üçün növbəti tədqiqat mərhələlərində istifadə olunacaq.

ERAmedia xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov bildirib

Azərbaycanın mühüm arıçılıq mərkəzlərindən biri olan Zaqatala rayonunda yetişdirilən arı populyasiyalarının genetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə elmi araşdırmalar həyata keçirilib.

Bölgədə əsasən Qafqaz dağ arısı (Apis mellifera caucasica) yayılıb. Bu arı cinsi uzun xortumu, sakit xasiyyəti, aşağı oğulvermə meyli, soyuq və rütubətli iqlim şəraitinə davamlılığı ilə fərqlənir. Zaqatala arıları yerli təbii şəraitə uyğunlaşaraq yüksək məhsuldarlıq nümayiş etdirir, xüsusilə şabalıd, akasiya və cökə kimi nektarlı bitkilərdən keyfiyyətli bal toplamaq qabiliyyəti ilə seçilir.

Tədqiqatın nəticələri Azərbaycanın qiymətli arı genofondunun qorunmasına, yerli arı populyasiyalarının davamlı inkişafına və elmi əsaslarla seleksiya proqramlarının hazırlanmasına töhfə verəcək.


media-adspc

Bənzər xəbərlər