media-17839205572965153318_1200x630

Bir neçə gün əvvəl yağan güclü yağışlar nəticəsində başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən və Zaqatala rayonu ərazisindən keçən Muxax, Tala, Bəkməz və Zilban çaylarında suyun səviyyəsi kəskin artaraq qısamüddətli selə səbəb olub.

ERAmedia xəbər verir ki, xüsusilə Talaçay və Zilbançayda suyun səviyyəsinin bir neçə dəfə yüksəlməsi nəticəsində yaşayış evlərinin zirzəmiləri və birinci mərtəbələri, həyətyanı sahələr sel suları altında qalıb. Taxıl, qarğıdalı, bostan-tərəvəz sahələri və fındıq bağlarına da ziyan dəyib.

Hadisədən dərhal sonra rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, aidiyyəti qurumlar, yerli icra nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları ərazilərə cəlb olunub. İlk növbədə zəruri infrastrukturun bərpasına başlanılıb. Tala və Zilban çaylarında suyun bulanması rayonun içməli su təchizatında çətinliklər yaratsa da, qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, Talaçay Zaqatala şəhəri, eləcə də rayonun ən iri yaşayış məntəqələrindən olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin əsas içməli su mənbələrindən biridir. Ötən əsrin 70-ci illərinin sonlarında istifadəyə verilən su xətti 1990-cı illərin sonlarından etibarən baş verən sellər nəticəsində dəfələrlə qəzalı vəziyyətə düşüb və rayonun daxili imkanları hesabına bərpa olunub. Sonuncu dəfə 2023-cü ildə xəttin yararsız vəziyyətdə olan 1200 metrlik hissəsi yenilənib. Hazırda isə su xətti istismar müddətini başa vurduğundan əsaslı yenidənqurmaya ehtiyac duyulur.


media-adspc

Bənzər xəbərlər