Zəfəri yaşamış gənclərin təhsil almalarını görmək bizə böyük qürur hissləri yaşadır - Şahin Bayramov
27 Sentyabr xalqımızın qəlbinə əbədi həkk olunmuş tarixi gündür. Düz 5 il bundan əvvəl başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi Zəfər qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində 30 illik işğala son qoyuldu və torpaqlarımız azad edildi.
ERAmedia – ya açıqlamasında bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
Rektor bildirib ki, bu şanlı tarix Azərbaycan xalqının gücünün, iradəsinin, mübarizliyinin, əzmkarlığının və milli birliyinin ən ali təcəssümüdür. Vətən müharibəsinin hər anı, igid əsgərlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlar, şəhidlərimizin uca amallar uğrunda canlarından keçməsi xalqımızın yaddaşında silinməz izlər buraxıb. Bu gün azad Qarabağda yaşamağımız və onun sürətli dirçəlişini müşahidə etməyimiz şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı sayəsində mümkün olub. O deyib: “Əminik ki, azad edilmiş torpaqlarımızda qısa müddət ərzində çoxsaylı yollar, körpülər, təhsil müəssisələri, xəstəxanalar və yaşayış massivlərinin inşası, şəhərlərimizin və kəndlərimizin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, bir sözlə, bölgədə baş verən sürətli inkişaf və intibah şəhidlərimizin əziz ruhlarını şad edir.
Qarabağ Universiteti ailəsi olaraq tarixi Zəfərin qazanıldığı torpaqlarda fəaliyyət göstərməkdən sonsuz fəxarət hissləri keçiririk. Dövlət başçımızın müvafiq Sərəncamı ilə yaradılmış Qarabağ Universiteti məhz bu tarixi Qələbənin bəhrəsidir. Eyni zamanda, hər qarışında şəhidlərimizin qan izləri olan bu doğma məkanda Zəfəri yaşamış gənclərin təhsil almalarını görmək bizə böyük qürur hissləri yaşadır. Qarabağ Universitetinin əsas missiyası xalqımıza, dövlətimizə və Vətənimizə sadiq, milli dəyərlərimizə bağlı, müasir bilik və bacarıqlara malik mütəxəssis yetişdirməkdir. Bu baxımdan, Qarabağ Universitetində tələbə gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igid əsgərlərimizin şücaətlərini təbliğ etmək, şəhidlərimizin adlarını əbədiləşdirmək, onların müqəddəs amalını və irsini gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur”.
“Anım Günündə ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”, – deyə o əlavə edib.