Zelenski və Avropa liderləri Tramp ilə görüşə gedir
Ukrayna Prezidenti Vladimir Zelenski bazar günü Brüsselə səfər edib və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüş keçirib. Tərəflər Avropanın Kiyevə dəstəyinin əhəmiyyətini bir daha vurğulayıblar.
ERAmedia xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Fon der Lyayen açıqlamasında bildirib ki, bazar ertəsi Zelenski və digər Avropa liderləri ilə birlikdə Vaşinqtona gedəcək və ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşəcək: “Prezident Zelenskinin xahişi ilə mən də Trampla və digər Avropa liderləri ilə sabahkı görüşə qoşulacağam”.
Bu səfər ABŞ prezidenti Donald Trampın cümə günü Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşündən sonra baş tutur. Tramp həmin görüşdə atəşkəsi sülh prosesinin başlanğıcı kimi qəbul etməkdən imtina etmişdi.
Zelenski isə çıxışında vurğulayıb ki, Ukrayna ABŞ-la danışıqları Avropa tərəfdaşları ilə birlikdə aparacaq və Vaşinqtonun dəstəyinə böyük önəm verir.