Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb - Elxan Şahinoğlu
Ukrayna Prezidenti Volodimir Zelenski Kreml sahibi Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib. Halbuki, Zelenski daha əvvəl görüş yeri kimi Türkiyə və bir neçə Avropa ölkəsini təklif etmişdi. Zelenski niyə bu dəfə Qazaxıstanın adını çəkib? Bununla Zelenski demək istəyib ki, o Putinlə Rusiyanın strateji tərəfdaşı sayılan və Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində belə görüşməyə hazırdır.
ERAmedia xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib: “Bununla Zelenski Qazaxıstanla Belarusun onun üçün fərqini də göstərmiş olub. Zelenski Belarusu Rusiyanın vassalı hesab edir və bu ölkədə Putinlə görüşmək istəmir. Qazaxıstan isə Rusiyanın strateji tərəfdaşı olsa da, Astana Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Zelenski BMT Baş Assambelyasının sessiyası çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Liderlərin ingilis dilində söhbətləşməsi Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub. Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb. Kreml sahibinin Qazaxıstan variantını rədd etməsi Astana ilə Moskva arasındakı münasibətlərdə sualların sayını artıracaq. Kremlə yaxın şovinist dairələr bundan əvvəl də Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar verirdilər.”