Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ – Hədəflərini açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna qarşı yeni və genişmiqyaslı hücumlar planlaşdırdığı barədə kəşfiyyat məlumatları aldıqlarını açıqlayıb.
ERAmedia xəbər verir ki, sosial şəbəkələrdə yayımladığı video müraciətdə çıxış edən Zelenski hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə çağırış edib və müttəfiqlərin operativ hərəkət etməsinin vacibliyini vurğulayıb.
Ukrayna lideri bildirib ki, hava hücumundan müdafiə sistemləri düzgün qurulmalıdır.
“Hava hücumundan müdafiə raketlərinin tədarükündə istənilən gecikmə hücumların vuracağı ziyanın artmasına səbəb olacaq. Münhendə müzakirə edilən hər şey sürətlə həyata keçirilməlidir”, – Zelenski deyib.
Zelenski qeyd edib ki, Rusiya qışın son günlərindən istifadə edərək Ukraynaya yeni zərbələr endirməyə çalışır. O, ABŞ-ın şərtsiz və uzunmüddətli atəşkəs təklifi də daxil olmaqla bütün real təklifləri qəbul etdiklərini, lakin Rusiyanın bunu rədd etdiyini və hücumları davam etdirdiyini deyib.
Zelenski həmçinin Rusiyanın hərbi əməliyyatlarına dəstək verən rusiyalı idmançılara sanksiya tətbiq edilməsi qərarını xatırladaraq, bu şəxslərin dünyada sərbəst hərəkət edə bilməməsi üçün tərəfdaşlarla əməkdaşlıq edəcəklərini bildirib.
Ukraynanın bərpası üçün maliyyə yardımı, avadanlıq və əsas ehtiyacları əhatə edən dəstək paketləri üzrə ilkin razılaşmaların əldə edildiyini qeyd edən dövlət başçısı Fransada keçiriləcək enerji üzrə “Ramştayn” toplantısına G7 və Avropa ölkələrinin qatılacağını vurğulayıb.
O, ABŞ ilə strateji enerji tərəfdaşlığının qurulması istiqamətində işlərin davam etdiyini də əlavə edib.
Sonda Zelenski Ukraynanın Avropa və Avroatlantik təhlükəsizliyinin mühüm elementi ola biləcəyini bildirib.
“Heç kim özünü aldatmasın. Rusiya məsuliyyətə cəlb olunmasa, heç kimlə sülh içində yaşamayacaq. Rusiya etdiklərinə görə cavab verməlidir. Ədalət bərqərar olmalıdır”, – Zelenski deyib.
Vural










