media-zengezur-mehri

Prezident İlham Əliyev 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov dövlət başçısının səsləndirdiyi rəqəmlərin iki ölkə arasında ticarət münasibətlərinin formalaşmağa başladığını göstərdiyini bildirib.
Deputat qeyd edib ki, indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması və 12 min ton neft məhsullarının ixracı iqtisadi əlaqələrin ilkin mərhələyə keçdiyini təsdiqləyir. Onun sözlərinə görə, bu dinamika regionda iqtisadi əməkdaşlığın genişlənməsi üçün real zəmin yaradır.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin, eləcə də kommunikasiyaların yenidən bərpası regionda dayanıqlı sülhün möhkəmlənməsinə xidmət edəcək. Deputat əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi regionun iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, ilkin qiymətləndirmələr sülh müqaviləsindən sonra iki ölkə arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin mümkün olduğunu göstərir. Bu məhsullar həm enerji sektorunu, həm də qeyri-neft-qaz sahələrini əhatə edir və tərəflər arasında müqayisəli üstünlüklər mövcuddur.
Deputat hesab edir ki, iqtisadi əlaqələrin tam bərpası halında Azərbaycan ilə Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. O bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən yükdaşımaların həcmini artıracaq, eyni zamanda tranzit gəlirlərinin yüksəlməsinə səbəb olacaq.

Vüqar Bayramovun fikrincə, bu proseslər yalnız iqtisadi dividendlərlə məhdudlaşmır, həm də regionda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir.

Vural


media-adspc

Bənzər xəbərlər