Zəngəzur dəhlizindən qlobal tranzitə: Azərbaycanın geosiyasi çəkisi artır - TƏHLİL
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində dövlətin hərbi gücünün artırılmasını Azərbaycanın cari və perspektiv hədəflərinin mərkəzində göstərib.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın regional və qlobal məsələlərdə yüksələn mövqeyi fonunda hərbi güc amilini xüsusi qabartması iki mühüm çağırışı diqqətə çatdırır.
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan Zəngəzur dəhlizinin (TRIPP marşrutu) əhəmiyyətini təchizat zəncirlərində alternativ model kimi qlobal nizamın çərçivələri ilə uyğunlaşdırır. Orta Dəhlizin mühüm halqalarından biri olacaq Zəngəzur dəhlizi üzrə təhlükəsizlik parametrlərinin pozulmasına yönələn cəhdlər Azərbaycanın maraqları baxımından qəbuledilməzdir.
Aqşin Kərimov qeyd edib ki, dəhlizlər üzrə hərbi təhlükəsizlik təminatının yaradılması Azərbaycanın regional çəkindiricilik imkanlarını artırmaqla yanaşı, beynəlxalq tranzit layihələrinin təhlükəsizliyini təmin edən qlobal aktor statusunu da möhkəmləndirir.
Sülh gündəliyinə paralel təhlükəsizlik təminatı
Siyasi təhlilçinin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə mühüm razılaşmalar əldə edilsə də, xarici risklər tam aradan qalxmayıb.
Aqşin Kərimov vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində çoxqütblü dünya nizamının formalaşması prosesində ortaya çıxan yeni geosiyasi ambisiyalar Cənubi Qafqaza müdaxilə meyillərini və risklərini artırır.
“Bunun real nümunələrini dünyanın müxtəlif regionlarında baş verən proksi və birbaşa müharibələrin paralel geosiyasi təsirlərində görmək mümkündür. Belə qeyri-müəyyənlik mühitində kənar manipulyasiya və hərbi risklərin qarşısını alan əsas təhlükəsizlik qarantı Azərbaycan Silahlı Qüvvələridir”, – deyə o bildirib.
Hərbi güclə yanaşı strateji təşəbbüslər
Aqşin Kərimov hesab edir ki, Azərbaycanın post-münaqişə dövründə dayanıqlı sülh strategiyası yalnız hərbi potensialın artırılması ilə məhdudlaşmır.
O qeyd edib ki, Azərbaycan regional sabitliyin formalaşdırılmasına yönəlmiş proaktiv diplomatiya və strateji təşəbbüslərə əsaslanan xətti də gündəlikdə saxlayır. Hərbi yanaşmalarla diplomatik-siyasi strategiyanın birləşdirilməsi Azərbaycanın geosiyasi trayektoriyasını formalaşdıran əsas amillərdən biridir.
“Bunun təsir dairəsi genişdir. Azərbaycanın Cənubi Qafqazdakı dominantlığı onun kənar regionlardakı nüfuzunu da müəyyən edir”, – siyasi təhlilçi deyib.
İqtisadi güc və yumşaq güc amili
Aqşin Kərimovun sözlərinə görə, Prezident İlham Əliyevin YAP qurultayındakı nitqini Azərbaycan üçün daha geniş strateji yol xəritəsi kimi qiymətləndirmək olar.
Onun fikrincə, bu strategiya dövlətin regional iqtisadi mərkəzliyini gücləndirir, eyni zamanda Bakının qlobal təchizat zəncirində alternativ model yaradan daha geniş və həlledici proseslərin idarəedicilərindən birinə çevrilməsini şərtləndirir.
Siyasi təhlilçi hesab edir ki, bu iki yanaşma milli təhlükəsizlik maraqlarının qorunması və çəkindirmə siyasətində fərqli, lakin bir-birini tamamlayan rollara malikdir.
“Azərbaycanın yaratdığı geosiyasi reallıqların qalıcı xarakter almasında təhlükəsizlik tədbirlərini yumşaq güc amili tamamlayır. Beləliklə, Azərbaycan regional reallıqları proaktiv yumşaq güc vasitəsilə legitimləşdirərək beynəlxalq arenada mövqelərini daha da əlverişli edir”, – deyə Aqşin Kərimov bildirib.
İdeoloji modernləşmə yeni strateji istiqamət kimi
Aqşin Kərimov vurğulayıb ki, Azərbaycanın suverenliyinin toxunulmazlığını təmin edən əsas alətlər sırasında hərbi, iqtisadi, siyasi və ticari dinamikalarla yanaşı, ideoloji təsir imkanları da xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çağdaş ideoloji strukturun qurulması ilə bağlı irəli sürdüyü yanaşma bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
“İctimai rəyin manipulyasiyaya məruz qalması və informasiya müharibələrinin davam etməsi həm də Azərbaycanın iqtisadi-siyasi gücünə qarşı mənfi reaksiyaların göstəricisidir. Buna görə də Azərbaycan üçün öz kapitalını ideoloji təsir gücünə çevirmək zərurəti meydana çıxır”, – deyə təhlilçi qeyd edib.
O bildirib ki, ideoloji modernləşmə strategiyası bir neçə əsas istiqaməti özündə birləşdirir: Azərbaycan qlobal geosiyasi nizamı təhlil edərək özünü şablon və effektiv olmayan normalardan uzaqlaşdırır, eyni zamanda ideoloji diversiyalara qarşı institusional struktur yaratmağı və ölkə əleyhinə kampaniyaların qarşısına alternativ model qoymağı hədəfləyir.
Strategiyanın əsasını hərbi, iqtisadi və siyasi gücün vəhdəti təşkil edir
Aqşin Kərimovun fikrincə, daha dərin qatda Azərbaycanın strategiyası hərbi, iqtisadi və siyasi prioritetlərlə yanaşı, yumşaq güc modellərinin ideoloji çərçivəsini də müəyyənləşdirir.
“Bu ideoloji mahiyyət Azərbaycanın strateji gücünün yüksəlişini təmin edən əsas faktorlardan biridir”, – deyə siyasi təhlilçi əlavə edib.
Mələk Onur










