Zəngəzur dəhlizinin açılması Naxçıvan iqtisadiyyatına nə vəd edir? - Deputat açıqladı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, dəyişikliklər Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanın iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək.
Deputatın sözlərinə görə, dəhlizin açılması Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaradacaq. Bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılması nəzərdə tutulur.
Vüqar Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmlərinin daha da genişləndirilməsi gözlənilir. Onun sözlərinə görə, bu, həm yerli sahibkarların fəaliyyətinin stimullaşdırılmasına, həm də Naxçıvanda istehsal olunan məhsulların daha böyük bazarlara çıxarılmasına şərait yaradacaq.
Deputat bildirib ki, Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların həm xarici, həm də ölkədaxili bazarlara çıxışının sürətləndirilməsi mümkündür. Bu məqsədlə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Vüqar Bayramovun fikrincə, logistik dəstək xüsusilə daşıma xərclərinin optimallaşdırılması və yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması baxımından əhəmiyyətli olacaq.
Deputat vurğulayıb ki, yeni güzəştlər və dəstək mexanizmləri Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edəcək. Bu tədbirlər regionda iqtisadi aktivliyin və məşğulluğun artmasına, ixrac imkanlarının genişlənməsinə və yerli istehsalın iqtisadiyyatda rolunun güclənməsinə şərait yarada bilər.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın regional və beynəlxalq iqtisadi əlaqələrində yeni mərhələnin başlanması üçün mühüm imkanlar yaranacaq.
Vural










