Zəngilanda iqtisadi canlanma: İstehsal 600 milyon manata yaxınlaşır
İşğaldan azad olunan Zəngilan şəhəri və kəndləri qısa müddətdə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyub.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, infrastrukturun bərpası, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının dəstəklənməsi və yeni investisiyaların cəlb edilməsi Zəngilan rayonunun iqtisadi inkişafını sürətləndirib. Zəngilan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk məskunlaşmanın həyata keçirildiyi rayon kimi də tarixə düşüb.
Deputatın sözlərinə görə, Zəfərdən sonra Zəngilan iqtisadiyyatı rekord səviyyədə — 515 dəfə böyüyüb. Dünyada nadir hallarda hər hansı bir bölgədə məhsul istehsalı cəmi beş il ərzində bu qədər artır.
Vüqar Bayramov qeyd edib ki, Zəngilan rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2020-ci ildə cəmi 1 milyon 161 min manat olduğu halda, hazırda bu göstərici 600 milyon manata yaxınlaşıb.
Deputat diqqətə çatdırıb ki, 2020-ci ildə sənaye məhsulu istehsal edilməyən Zəngilanda hazırda 3 milyon manata yaxın sənaye məhsulları istehsal olunur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində isə məhsul istehsalının həcmi 927 min manatdan 6 milyon manatadək yüksəlib.
Vüqar Bayramovun fikrincə, bu göstəricilər işğal nəticəsində dağıdılmış və uzun müddət baxımsız qalmış Zəngilanın sürətli bərpa və inkişaf yolunda olduğunu göstərir. Rayon artıq Şərqi Zəngəzur iqtisadi rayonunun əsas mərkəzlərindən birinə çevrilməkdədir.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin keçdiyi Zəngilanın regionun nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur. Bu proses rayonun iqtisadi potensialının daha da artmasına, yeni investisiyaların cəlb edilməsinə və əlavə iş yerlərinin yaradılmasına şərait yaradacaq.
Vural










