media-whatsapp-image-2026-09-24-at-11-54-00

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev zərdüştlük və onun banisi Zərdüştün mənşəyi ilə bağlı müzakirələrə toxunaraq, fransız şərqşünası və linqvist James Darmesteterin araşdırmalarının bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.

Zaur Əliyev ERAmedia-ya açıqlamasında qeyd edib ki, Zərdüştlük və Avesta ilə bağlı sosial mediada mənbəyə əsaslanmayan müxtəlif fikirlər səsləndirilir. Onun sözlərinə görə, mövzuya elmi yanaşmaq üçün XIX əsrin tanınmış şərqşünaslarının əsərlərinə müraciət etmək vacibdir.

Alim bildirib ki, Avesta mətnlərinin fransız və ingilis dillərinə tərcüməsi ilə məşğul olmuş James Darmesteter öz tədqiqatlarında Zərdüştün mənşəyi və zərdüştlüyün ilkin coğrafiyası məsələsinə xüsusi diqqət yetirib.

Zaur Əliyevin sözlərinə görə, Darmesteter qədim zərdüşti ənənələrə və Pəhləvi mənbələrinə əsaslanaraq Zərdüştün qədim Azərbaycan ərazisində doğulduğu fikrini irəli sürüb. Fransız şərqşünas bu mövqeyini qədim mətnlərdəki coğrafi adların və onların Pəhləvi dilindəki formalarının müqayisəli təhlili ilə əsaslandırmağa çalışıb.

O qeyd edib ki, Darmesteter Zərdüştün Baktriya ilə deyil, Azərbaycanla əlaqələndirilməsini müdafiə edən alimlərdən biri olub. Onun şərhlərində zərdüştlüyün ilkin formalaşma arealı ilə Azərbaycan coğrafiyası arasında əlaqə yaradılır.

Zaur Əliyev bildirib ki, Darmesteter Avesta kitabının “Videvdad” hissəsində sadalanan ölkələrin coğrafiyasını da təhlil edib. Onun yanaşmasına əsasən, Eranvəz (Airyanəm Vaējah) əvvəlcə mifoloji məkan kimi təqdim olunsa da, sonrakı Pəhləvi ənənəsində Araz çayı hövzəsi ilə əlaqələndirilib.

Tarixçi qeyd edib ki, Darmesteterin şərhlərində Azərbaycan və Araz hövzəsi zərdüşti ənənənin mühüm coğrafi mərkəzlərindən biri kimi təqdim olunur. O, həmçinin Avestada adı çəkilən Kaekasta gölünü Urmiya gölü ilə eyniləşdirib.

“Darmesteterin araşdırmalarında Azərbaycan yalnız zərdüştlüyün yayıldığı ərazi kimi deyil, onun formalaşması ilə bağlı əsas coğrafiyalardan biri kimi təqdim edilir”, – deyə Zaur Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Darmesteter Zərdüştün dini və regional mənşəyini qədim maqlar mühiti ilə də əlaqələndirib. Bu yanaşmada maq təbəqəsi qədim İran dünyasının dini biliklərini, ayinlərini və kahinlik ənənələrini daşıyan sosial qrup kimi nəzərdən keçirilir.

Zaur Əliyev əlavə edib ki, qədim mənbələrdə maqların dini mərasimlər, kahinlik və müxtəlif bilik sahələri ilə əlaqəsi barədə məlumatlara rast gəlinir. O, Ammianus Marcellinus kimi antik müəlliflərin əsərlərində də maqların qədim Şərqin dini-mədəni həyatındakı roluna dair məlumatların yer aldığını bildirib.

Tarixçi vurğulayıb ki, Zərdüştün mənşəyi və zərdüştlüyün ilkin coğrafiyası məsələsi elmi ədəbiyyatda uzun müddətdir mübahisəlidir və müxtəlif tədqiqatçılar fərqli coğrafi versiyalar irəli sürüblər. Onun sözlərinə görə, Darmesteterin mövqeyi də bu elmi müzakirənin mühüm istiqamətlərindən birini təşkil edir.

Zaur Əliyev hesab edir ki, məsələ ilə bağlı müzakirələr aparılarkən ayrı-ayrı sosial media iddialarından deyil, Avesta, Pəhləvi mətnləri və həmin mənbələri araşdıran klassik şərqşünasların əsərlərindən istifadə edilməlidir.

media-whatsapp-image-2026-09-24-at-11-54-09

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər