media-0d1ef6b0037afd6c959f4eba6c772684

Azərbaycan televiziyalarının informasiya müharibəsində imkanlarından daha effektiv istifadə etməsi vacibdir.

Milli Məclisin sabiq deputatı Etibar Əliyev bunu ERAmedia-ya açıqlamasında bildirib.

Etibar Əliyev jurnalist Mir Şahin Ağayevin “TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur” fikrinə diqqət çəkərək, Azərbaycan televiziyalarının cəmiyyət qarşısında öz informasiya imkanlarını tam reallaşdıra bilmədiyini deyib.

Onun sözlərinə görə, erməni mənbələri hazırda daha çox bloqer paylaşımlarını tirajlayır və bu istiqamətdə sosial şəbəkələrin imkanlarından istifadə edilir.

“Erməni mənbələri daha çox bloqer paylaşımlarını tirajlayırlar. Etiraf edək ki, ABŞ-ın, Fransanın Azərbaycandakı təmsilçilərini, elə Hindistanın səfirini və yalançı ‘tarix məxəzini’ də ustalıqla işıq üzünə çıxarmağı Kamran Razmovar kimi bloqer bacardı”, – deyə Etibar Əliyev qeyd edib.

O bildirib ki, Azərbaycanda ingilis və rus dillərində elmi-populyar və siyasi verilişlərin hazırlanmasına ehtiyac var. Sabiq deputatın fikrincə, bu dilləri bilən kifayət qədər savadlı mütəxəssislər mövcuddur və onların imkanlarından informasiya mübarizəsində daha geniş istifadə edilməlidir.

Etibar Əliyev hesab edir ki, diplomatların Qarabağa səfərlərinin təhlili, eləcə də bu səfərlərdən narahatlıq keçirən erməni revanşist dairələrinin mövqelərinə cavabların televiziya vasitəsilə ingilis və rus dillərində təqdim olunması Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edə bilər.

“Bizim alimlərimiz sosial şəbəkələrdən didərgin düşüb. Bu alternativ məkan – televiziyalarda onlara yer verilmir – elmsiz adamların əlinə düşüb. Narsisizm xəstəliyi bizi yaman günə qoyub”, – deyə o vurğulayıb.

Sabiq deputat informasiya mübarizəsində elmi və tarixi arqumentlərin əhəmiyyətini xatırladaraq, akademik Ziya Bünyadovun 1988-ci ildə “Elm” qəzetində dərc olunan “Poçemu Sumqait?” məqaləsini nümunə göstərib.

Onun sözlərinə görə, həmin məqalə Ermənistanda geniş rezonans doğurub və bir neçə erməni akademiki Ziya Bünyadova cavab verməyə çalışıb.

Etibar Əliyev qeyd edib ki, həmin dövrdə informasiya imkanları indiki ilə müqayisədə məhdud olsa da, qəzet və televiziya vasitəsilə yayılan elmi-tarixi materiallar böyük təsir gücünə malik idi.

“Ancaq incimək, küsmək vaxtı deyil. Zəfərimizin substansionallığını var gücümüzlə qorumalıyıq. Bu Zəfər bizə ağrılarla, böyük itkilərlə başa gəlib. Bu Zəfər hər bir fərdi ümidsizlik sindromundan xilas edib”, – deyə o bildirib.

Etibar Əliyev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə yaşayan, təhsil alan, çalışan və hərbi xidmət keçən hər bir şəxs qazanılmış Zəfərin qorunmasında öz məsuliyyətini dərk etməlidir.

“İşğaldan azad olunmuş torpaqlarımıza köçən, təhsil alan, işləyən, hərbi xidmət keçən hər bir şəxs, həm də mənəm. Mən oradayam”, – deyə sabiq deputat vurğulayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər