ABŞ-da Yeni il gecəsi planlaşdırılan terror aktlarının qarşısı alındı
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Yeni il gecəsi müxtəlif ərazilərdə terror aktları törətməyi planlaşdıran ifrat solçu, hökumətə qarşı yönəlmiş qruplaşmanın dörd üzvü saxlanılıb.
ERAmedia bildirir ki, bu barədə ABŞ-ın ədliyyə naziri Pamela Bondi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bondi bildirib ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosunun (FTB) intensiv birgə fəaliyyəti nəticəsində Los-Ancelesdə “dəhşətli terror planının” qarşısı alınıb.
Onun sözlərinə görə, “Tısbağa Adasının Azadlıq Cəbhəsi” adlı sol-radikal qruplaşmanın üzvləri Yeni il gecəsi şəhərin müxtəlif yerlərində bir sıra partlayışlar həyata keçirməyi planlaşdırıblar.
Bondi əlavə edib ki, qruplaşmanın mümkün hədəfləri arasında ABŞ-ın İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları da olub.
“Biz bu cür terrorçu qruplaşmaları aşkar etməyə və onları məsuliyyətə cəlb etməyə davam edəcəyik”, – deyə nazir vurğulayıb.
Los-Anceles prokurorluğunun nümayəndəsi Bill Essaili isə jurnalistlərə bildirib ki, saxlanılan dörd nəfər sınaq məqsədilə San-Bernardino dairəsinin səhralıq ərazisində partlayıcı qurğular yerləşdiriblər.
Essailinin sözlərinə görə, şübhəlilər Yeni il gecəsi bir neçə Amerika şirkətini partlatmaq üçün “ətraflı və koordinasiyalı plan” hazırlayıblar və qurğuları gecəyarısı, saat 00:00-da işə salmağı nəzərdə tutublar.
Prokuror konkret şirkətlərin adını çəkməsə də, hədəflər arasında “”Amazon”a bənzər logistik mərkəzin” olduğunu qeyd edib.
Mətbuat konfransı zamanı Essaili kəşfiyyat təyyarəsindən çəkilmiş və şübhəlilərin səhrada toplaşaraq partlayıcı qurğuları sınaqdan keçirdiklərini göstərən videogörüntüləri nümayiş etdirib.
O bildirib ki, saxlanılma əməliyyatı məhz şübhəlilərin səhrada sınaq partlayıcılarını yığdıqları anda həyata keçirilib. Əməliyyatda FTB-nin informatoru və gizli fəaliyyət göstərən FTB agenti iştirak edib.
İttiham aktına əsasən, saxlanılan şəxslərin adları Odri İllin Kerroll (30 yaş), Zakari Aaron Peyc (32 yaş), Dante Qaffild (24 yaş) və Tina Lay (41 yaş) kimi göstərilir.









