ABŞ hakimiyyəti miqrantlara 3 min dollar ödəniş təklif edir
ABŞ hakimiyyəti qeyri-qanuni miqrantların sayını azaltmaq məqsədilə tədbirləri sərtləşdirir və ilin sonunadək ölkəni könüllü tərk etməyə razılaşanlara maliyyə stimulları təklif edir.
ERAmedia xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Vaşinqtonun immiqrasiya siyasəti büdcəyə və təhlükəsizlik sisteminə düşən yükün azaldılması zərurəti ilə bağlı bəyanatlar fonunda daha da sərtləşir.
Əsas alətlərdən biri “könüllü deportasiya” adlandırılan proqramdır. Proqramın şərtləri əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) bildirib ki, Donald Trampın administrasiyası ölkəni könüllü tərk etməyə razılaşan miqrantlar üçün nəzərdə tutulan ödənişlərin məbləğini üç dəfə artırıb.
Beləliklə, sözügedən “təqaüd”ün həcmi 3 min dollara çatdırılıb. Bu vəsaiti ABŞ ərazisində qeyri-qanuni yaşayan və cari ilin sonunadək ölkədən çıxışını rəsmiləşdirən şəxslər ala biləcək.
Proqram çərçivəsində miqrantlara mənşə ölkələrinə pulsuz aviabilet də təqdim olunacaq.
Nazirlik vurğulayıb ki, bu tədbir dövlət xərclərinin azaldılmasına yönəlib. DHS-in məlumatına görə, hüquqi statusu olmayan bir şəxsin saxlanılması, həbs edilməsi və deportasiyası orta hesabla təxminən 17 min dollara başa gəlir.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, qeyri-qanuni əcnəbilər bu “hədiyyə”dən istifadə edərək özləri deportasiya olunmalıdırlar. “Əks halda, biz onları tapacaq, həbs edəcək və onlar bir daha ABŞ-a qayıda bilməyəcəklər”, – Noem deyib.
Prosedurun sadələşdirilməsi məqsədilə mart ayında könüllü çıxışın qeydiyyatı üçün “CBP Home” adlı yenilənmiş mobil tətbiq istifadəyə verilib.
Qeyd edək ki, əvvəllər “CBP One” adlı tətbiq əvvəlki administrasiya dövründə miqrantların ölkəyə qanuni daxil olması üçün istifadə olunurdu.
Vural Həsənoğlu










