Ağacların nəğməsindən küləyin vıyıltısına: Dəyişən dünyaya nostalji baxış
Müğənni Nura Suri müasir insanın təbiətdən uzaqlaşması, uşaqlıq xatirələri və cəmiyyətdə hisslərin getdikcə arxa plana keçməsi ilə bağlı düşüncələrini bölüşüb.
ERAmedia-nın məlumatına görə, Nura Suri sosial şəbəkə hesabında etdiyi paylaşımda uşaqlıq illərində təbiətin səslərindən və gözəlliklərindən aldığı zövqü xatırladaraq, bugünkü həyat tərzinin insanları təbiətdən uzaqlaşdırdığını bildirib.
Müğənni qeyd edib ki, uşaqlıq illərində külək əsəndə ağacların xışıltısı ona nəğmə kimi gəlirdi, yaz fəslində torpağın və otların ətri xüsusi gözəllik bəxş edirdi. O, həmin dövrdə xırda çiçəklərdən çələng hördüklərini, təbiətin həm səsini, həm də ətrini hiss etdiklərini vurğulayıb.
Nura Suri bildirib ki, indi külək əsəndə əvvəlki kimi xoş duyğular yaşamır, sadəcə onun vıyıltısını eşidir. Uşaqlıqda məhəllələrindəki uca çinarların gözündə nəhəng göründüyünü xatırladan müğənni hazırda həmin məhəllədə balaca bir ağacın belə qalmadığını qeyd edib.
O, təbiətlə insan arasındakı bağın zəifləməsindən təəssüflənərək yazıb: “Təbiətdən uzaqlaşmaq bizi ruhsuz robotlara bənzədib…”
Müğənninin bu fikirləri ona ingilis yazıçısı Oldos Hakslinin məşhur “Cəsur yeni dünya” romanını xatırladıb. Nura Suri paylaşımında əsərdə təsvir olunan cəmiyyətə diqqət çəkərək insanların hiss və istəklərinin idarə olunduğunu, xoşbəxtliyin isə istehlak və süni həzz vasitəsilə təmin edildiyini vurğulayıb.
O, romanda uşaqların bir qisminə güllərdən və təbiətdən nifrət etməyin öyrədildiyini də xatırladıb. Bunun səbəbi isə təbiətin gözəlliyindən zövq almağın heç bir məhsul satın almağı tələb etməməsidir.
Nura Surinin paylaşımı müasir insanın təbiətlə münasibəti, şəhər mühitində yaşıllıqların azalması və texnoloji-istehlak yönümlü həyat tərzinin insanların duyğularına təsiri barədə düşündürücü mesaj kimi diqqət çəkib.
Əli Fərhad









