Milli maraqlara söykənən diplomatiyanın növbəti uğuru - ŞƏRH
London Bakıya regional sabitliyin əsas siyasi dayağı kimi baxır
İrlandiyanın paytaxtı Dublində Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin tarixində mühüm mərhələ olmaqla yanaşı, Avrasiyanın geosiyasi mənzərəsində yeni siyasi reallıqların formalaşması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəd iki ölkə arasındakı əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açır. Qlobal qeyri-müəyyənliyin artdığı, beynəlxalq təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşdiyi hazırkı şəraitdə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə dövlətlərindən biri olan Böyük Britaniyanın Cənubi Qafqazın aparıcı dövləti Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini rəsmiləşdirməsi xüsusi siyasi məna kəsb edir. Bu addım Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə nəzərə alındığını, rəsmi Bakının suveren, etibarlı və müstəqil tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.
İmzalanan strateji sənəd 23 fevral 1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında, eləcə də 21 iyul 1998-ci il tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamələrlə əsası qoyulan 30 illik diplomatik inkişafın məntiqi davamıdır. Bu müddət ərzində formalaşan qarşılıqlı etimad və ortaq maraqlar yeni sənədlə daha yüksək hüquqi-siyasi səviyyədə təsbit olunur. Bəyannamədə BMT Nizamnaməsinə, beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqlik xüsusi vurğulanır. Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması da sənədin əsas prioritetlərindəndir. Bəyannamədə Vaşinqton Sülh Zirvəsinin tarixi əhəmiyyəti qeyd edilir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətindəki səylər dəstəklənir. London birbaşa ikitərəfli dialoq əsasında davamlı sülhə nail olunmasına tərəfdar olduğunu bəyan etməklə regional məsələlərin kənar müdaxilə olmadan, tərəflərin siyasi iradəsi əsasında həllinin vacibliyini önə çəkir.
Strateji tərəfdaşlığın əsas istiqamətlərindən birini müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq təşkil edir. Tərəflər regional sülh və sabitliyin qorunması, ümumi təhdidlərin qarşısının alınması və onlara operativ cavab imkanlarının genişləndirilməsi niyyətini ifadə edirlər. Birgə hərbi təlimlərin keçirilməsi, müdafiə potensialının artırılması və qarşılıqlı əməliyyat uyğunluğunun gücləndirilməsi iki ölkənin hərbi strukturları arasında əməkdaşlığı yeni mərhələyə yüksəldir. Müasir döyüş təcrübəsinə malik Azərbaycan Ordusu ilə NATO standartları əsasında fəaliyyət göstərən Britaniya Silahlı Qüvvələri arasında təcrübə mübadiləsinin genişlənməsi milli müdafiə qabiliyyətimizin daha da təkmilləşdirilməsinə töhfə verə bilər.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və birgə təşəbbüslərin dəstəklənməsi də xüsusi əhəmiyyət daşıyır. Qabaqcıl hərbi texnologiyaların tətbiqi, innovativ sistemlərin inkişafı və müştərək istehsal perspektivləri Azərbaycanın müdafiə sənayesinin modernləşdirilməsi üçün yeni imkanlar yaradır.
Müasir dünyada artan təhlükəsizlik çağırışları və asimmetrik təhdidlər təhlükəsizlik prioritetləri üzrə genişspektrli əməkdaşlığı zəruri edir. Kibertəhlükəsizliyin təmini, kritik informasiya infrastrukturunun mühafizəsi və hibrid təhdidlərə qarşı kollektiv immunitetin formalaşdırılması tərəflərin diqqət mərkəzindədir. Qlobal xaker hücumlarının, rəqəmsal təxribatların qarşısının alınması üçün operativ məlumat mübadiləsi mexanizmləri qurulur. Bakı və London informasiya məkanında milli suverenliyin qorunmasını strateji zərurət hesab edirlər.
Qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək məqsədilə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın dərinləşdirilməsi sənəddə xüsusi yer tutur. Sərhəd idarəçiliyi sahəsində əməkdaşlıq transsərhəd cinayətkarlığa, qaçaqmalçılığa, qanunsuz miqrasiyaya və narkotrafikə qarşı mübarizənin effektivliyini artırır. Məhkəmə və hüquq sistemləri arasında təcrübə mübadiləsi, dövlət təsisatlarının şəffaflığının yüksəldilməsi iki ölkənin hüquqi əlaqələrini möhkəmləndirir. Transmilli mütəşəkkil cinayətkar şəbəkələrin maliyyə kanallarının ifşa olunması və çirkli pulların yuyulmasına qarşı koordinasiyalı addımlar regional təhlükəsizliyin qorunmasına xidmət göstərir.
Çoxtərəfli platformalarda ortaq maraqların müdafiəsi və beynəlxalq sülhə töhfə verilməsi tərəflərin xarici siyasət kursunun tərkib hissəsidir. BMT, ATƏT və digər beynəlxalq qurumlarda Bakı və Londonun əlaqələndirilmiş mövqedən çıxış etməsi qlobal diplomatiyada ədalətli nizamın qorunmasına təkan verir. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlüyü və Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatındakı liderlik mövqeyi qlobal güc mərkəzləri ilə regional aktorların maraqlarının uzlaşdırılması üçün unikal diplomatik sinerji yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, müstəqil və milli maraqlara söykənən xarici siyasət doktrinası Azərbaycanı dünya siyasətinin ən mötəbər paytaxtları ilə bərabərhüquqlu tərəfdaşlıq quran dövlətə çevirdi. Rəsmi Bakı kənar diktələri qətiyyətlə rədd edərək, milli suveren hüquqlarını qoruyaraq qlobal aktorlarla strateji müqavilələr imzalayır. Dublin şəhərində imzalanan Birgə Bəyannamə Azərbaycan diplomatiyasının beynəlxalq arenada qazandığı növbəti fundamental qələbədir. Qərb dünyasının aparıcı paytaxtı ilə əldə olunan strateji razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunu ən yüksək zirvəyə qaldırır.
Rufiz QONAQOV,
Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin əsası dövlət müstəqilliyimizin ilk illərində qoyulub. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyunun 21-də imzalanmış Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əlaqələrin hüquqi-siyasi əsaslarını formalaşdırıb. Artıq 32 illik əməkdaşlığın məntiqi nəticəsi olaraq Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutan mühüm sənəd – Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri tərəfindən imzalanan Bəyannamədə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Eyni zamanda, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, yaşıl maliyyə, təhsil, süni intellekt və rəqəmsal idarəetmə istiqamətlərində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Sənəd mövcud əməkdaşlığın dərinləşdirilməsini, yeni istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur.
1994-cü ildən formalaşan qarşılıqlı etimad və əməkdaşlıq 32 il sonra münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə zəmin yaradıb. Bəyannamədə beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin təsdiqlənməsi, eləcə də 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaların dəstəklənməsi Böyük Britaniyanın Cənubi Qafqazda davamlı sülhə münasibətini əks etdirir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi həm regional sabitlik, həm də Avropanın təhlükəsizlik maraqları baxımından əhəmiyyətlidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu isə Bakı–London tərəfdaşlığının strateji əhəmiyyətini daha da gücləndirir.
Y.ŞƏRİFZADƏ









