media-737360

Bəzən tarix elə hadisələr danışır ki, insan onları oxuduqca həqiqətlə rəvayət arasındakı sərhədin haradan başladığını müəyyənləşdirməkdə çətinlik çəkir. Elə yerlər var ki, daş divarları əsrlərin yaddaşını qoruyur, dar pəncərələri keçmişə açılır, qaranlıq hücrələri isə özündə saysız-hesabsız insan talelərinin izlərini saxlayır. Lənkəranın qədim Zindan qülləsi də belə məkanlardandır.

Lənkəran qalasının müdafiə sisteminin bir hissəsi kimi inşa edilən, sonralar həbsxana kimi istifadə olunan bu qədim tikili haqqında xalq arasında dolaşan rəvayətlərdən biri xüsusilə diqqət çəkir. Deyilənə görə, XX əsrin əvvəllərində gənc İosif Cuqaşvili (gələcəkdə bütün dünyanın İosif Stalin adı ilə tanıyacağı şəxs – M.N) məhz bu zindanda saxlanılıb.

Əfsanənin davamı isə daha maraqlıdır, guya o, Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə zindandan şəhərin altından keçən gizli tunel vasitəsilə qaçırılıb.

Bu rəvayət illərdir danışılır, müxtəlif məclislərdə xatırlanır, Lənkəranın tarixi məkanlarından söz düşəndə yenidən gündəmə gəlir. Ancaq gəlin, bu dəfə əfsanənin cazibəsinə qapılmadan tarixin sənədlərinə üz tutaq.

Tarixi mənbələr göstərir ki, Stalinin ilk həbsi 1902-ci il aprelin 5-də Batumidə baş verib. Həmin dövrdə o, fəhlə hərəkatında və inqilabi fəaliyyətlərdə iştirak edən gənc sosial-demokrat idi. Əvvəlcə Batumi həbsxanasında saxlanılıb, 1903-cü il aprelin 19-da isə Kutaisi həbsxanasına köçürülüb. Həmin ilin payızında yenidən Batumiyə qaytarıldıqdan sonra Şərqi Sibirə, İrkutsk quberniyasının Novaya Uda kəndinə üçillik sürgünə göndərilib.

1903-cü il noyabrın 27-də sürgün yerinə çatan Stalin 1904-cü ilin yanvarında Sibirdən qaçmağa müvəffəq olub. Onun qaçışı ilə bağlı bioqrafik mənbələrdə ilk cəhdinin uğursuz olduğu, sərt Sibir şaxtasında donvurma keçirdiyi, sonrakı cəhdində isə qaçaraq Qafqaza qayıtdığı göstərilir.

Deməli, sənədlərlə təsdiqlənən qaçış Lənkəran zindanından deyil, Sibirdəki sürgün yerindən baş verib.

Bəs onda Lənkəran əfsanəsi haradan yaranıb?

Bu suala qəti cavab vermək çətindir. Zindan qülləsinin mövcudluğu, onun vaxtilə həbsxana kimi fəaliyyət göstərməsi tarixi gerçəklikdir. Lakin Stalinin burada məhbus olması, Rəsulzadənin onun qaçışını təşkil etməsi və yeraltı tuneldən istifadə olunması barədə etibarlı arxiv sənədi və ya təsdiqlənmiş şahid ifadəsi ortaya qoyulmayıb.

Burada bir məqamı da unutmaq olmaz. Məhəmməd Əmin Rəsulzadə ilə Stalinin siyasi yolları sonralar tamamilə fərqli istiqamətlərə yönəldi. Rəsulzadə Azərbaycan istiqlalının, milli dövlətçilik ideyasının simasına çevrildi. Stalin isə hakimiyyətə gəldikdən sonra milyonlarla insanın taleyinə ağır zərbə vuran totalitar rejimin rəhbəri oldu. Ona görə də onların gənclik illərində guya baş vermiş belə bir hadisəyə münasibətdə tarixi ehtiyatlılıq xüsusilə vacibdir.

Məncə, Lənkəran zindanının tarixini maraqlı edən təkcə bu əfsanə deyil. Əsl maraq həmin qalanın özündə, onun daşlarına hopmuş zamanın yaddaşında, bir vaxtlar o dar hücrələrdə taleyinin hökmünü gözləyən insanların naməlum həyat hekayələrindədir.

Tarixə münasibətdə ən böyük məsuliyyətimiz eşitdiyimiz hər rəvayəti həqiqətə çevirmək deyil, həqiqətin özünü axtarmaqdır. Çünki bir şəhərin şöhrətini artırmaq naminə onun tarixinə sübut olunmamış hadisələr əlavə etməyə ehtiyac yoxdur. Lənkəranın özünün də, Zindan qülləsinin də danışmağa kifayət qədər sözü var.

Bəlkə də, bu qədim divarların ən böyük sirri Stalinin orada olub-olmaması deyil. Əsl sirr odur ki, əsrlər keçib, imperiyalar dağılıb, hakimiyyətlər dəyişib, amma o qaranlıq hücrələrin divarları hələ də danışa bilmədiyimiz talelərin səssiz şahidi olaraq qalır.

Çünki əfsanələr yaddaşda yaşayır, amma tarix yalnız sübut qarşısında baş əyir.

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər