media-ukrayna-bayrak

Rusiya və Ukrayna nümayəndələrinin ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirdiyi görüş müharibənin dayandırılması istiqamətində diplomatik prosesin yeni mərhələsi kimi qiymətləndirilir.

Sabiq millət vəkili Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, Avropanın sülh prosesindən tamamilə kənarda saxlanılması mümkün görünmür və bu, əldə olunacaq razılaşmanın dayanıqlılığına ciddi təsir göstərə bilər.

Onun sözlərinə görə, fevral ayından bəri ilk dəfə baş tutan və təxminən dörd saat davam edən görüşdə konkret nəticə əldə olunmasa da, Vaşinqton müzakirələri məhsuldar, Kiyev isə konstruktiv adlandırıb. Görüşün Rusiyanın tələbinə uyğun olaraq Avropa İttifaqının nümayəndələrinin iştirakı olmadan keçirilməsi isə sülh prosesində Avropanın rolu ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Qulamhüseyn Əlibəyli hesab edir ki, Rusiya ilə Ukrayna arasında atəşkəs, hərbi əməliyyatların dayandırılması, humanitar məsələlər və əsirlərin mübadiləsi kimi mövzuların Avropanın iştirakı olmadan, daha məhdud formatlarda müzakirəsi normal qarşılana bilər. ABŞ-ın bu prosesdə vasitəçi və ya təminatçı rolunu oynaması da mümkündür. Lakin atəşkəsdən sonrakı təhlükəsizlik sistemi, sanksiyaların gələcəyi və Ukraynanın bərpası məsələlərində Avropanı kənarda saxlamaq olduqca çətin, praktiki baxımdan isə qeyri-mümkündür.

O bildirib ki, bu məsələdə Avropanın iştirakı artıq sadəcə diplomatik nüfuz məsələsi deyil, əldə olunan razılaşmanın dayanıqlı və etibarlı olmasına təsir göstərən əsas amillərdən biridir.

Sabiq deputatın fikrincə, Avropanın sülh prosesindən kənarlaşdırılmasının qarşısında duran əsas maneələrdən biri təhlükəsizlik mülahizələridir. Avropa ənənəvi olaraq Rusiyanı öz təhlükəsizliyinə təhdid hesab edir və Rusiyanın Ukraynaya hücumunu, ölkə ərazisinin bir hissəsini işğal etməsini bu təhdidin praktiki təzahürü kimi qiymətləndirir. Buna görə də müharibənin hansı şərtlərlə başa çatması birbaşa Avropanın təhlükəsizlik maraqlarına toxunur.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, Avropa İttifaqı öz səlahiyyətlərinə və təhlükəsizliyinə aid məsələlər barədə qərarları özü vermək niyyətindədir. İttifaq Ukraynaya etibarlı təhlükəsizlik təminatlarının yaradılmasına töhfə verməyə hazır olduğunu da bəyan edir. Burada söhbət yalnız danışıqlarda iştirakdan deyil, gələcək öhdəliklərin kim tərəfindən və hansı həcmdə qəbul ediləcəyindən gedir.

Əgər sülh sazişi Avropa dövlətlərinin Ukraynanı silahlandırmasını, hərbi hazırlıq keçməsini, maliyyələşdirməsini və ya digər formalarda təhlükəsizlik təminatları verməsini nəzərdə tutacaqsa, həmin öhdəliklərin həcmini də müvafiq dövlətlər özləri müəyyənləşdirməlidir.

Sabiq millət vəkili Avropanın iştirakını zəruri edən digər mühüm amilin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ öz sanksiyalarının ləğvi barədə qərar verə bilsə də, Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətləri Vaşinqton onun adından ləğv edə bilməz. Bu səbəbdən sanksiyaların gələcəyi ilə bağlı razılaşmaların Avropanın iştirakı olmadan hazırlanması real görünmür.

Qulamhüseyn Əlibəylinin diqqət çəkdiyi digər məsələ Ukraynanın müharibədən sonrakı bərpasıdır. O bildirib ki, hərbi əməliyyatların dayandırılması ölkənin qarşısında duran böyük maliyyə ehtiyaclarını aradan qaldırmayacaq. İnfrastrukturun yenidən qurulması, investisiyaların sığortalanması və dövlətin uzunmüddətli dayanıqlığının təmin edilməsi illərlə davam edən maliyyə dəstəyi tələb edəcək.

Bu prosesdə Avropanın geniş maliyyə iştirakının gözlənildiyini bildirən sabiq deputat hesab edir ki, əsas maliyyə yükünü daşıyacaq tərəfləri razılaşmanın hazırlanmasından uzaqlaşdırmaq onun icrası mərhələsində narazılıq və gecikmələrə səbəb ola bilər.

O, həmçinin Avropanın sülh prosesindən tamamilə kənarlaşdırılmasının Ukrayna üçün əlavə risklər yaratdığını düşünür. Belə bir yanaşma Rusiya ilə Ukrayna arasında əldə ediləcək sülhün ədalətli olmamasına, Ukraynanın daha da zəifləməsinə, Rusiyanın isə hərbi və geosiyasi iddialarının artmasına gətirib çıxara bilər.

Qulamhüseyn Əlibəylinin qənaətinə görə, Avropanın iştirakı olmadan müəyyən atəşkəs razılaşmasının əldə olunması mümkün olsa da, Avropanın təhlükəsizlik maraqlarına, səlahiyyətlərinə və resurslarına söykənən genişmiqyaslı sülhü onun razılığı olmadan həyata keçirmək praktiki olaraq mümkün deyil.

O hesab edir ki, bu baxımdan daha uğurlu variant hərbi və texniki məsələlərin üçtərəfli formatda müzakirə olunması, təhlükəsizlik təminatları və iqtisadi tədbirlərlə bağlı məsələlərin isə aidiyyəti tərəflərin, xüsusilə Avropa İttifaqının iştirakı ilə həll edilməsidir. Belə bir yanaşma danışıqlarda iştirak etməyən tərəflərin maraqlarına toxunan və onların icrası mümkün olmayan öhdəliklərin qəbul edilməsinin qarşısını ala bilər.

Sabiq millət vəkili sonda vurğulayıb ki, ədalətli və davamlı sülhün əsas şərti Ukraynanın heç bir məcburiyyət olmadan qəbul etdiyi və yerinə yetirə biləcəyi razılaşmanın əldə olunmasıdır. ABŞ-la Rusiyanın yaxınlaşması da Kiyevin razılığını və təhlükəsizlik ehtiyaclarını ikinci plana keçirə bilməz.

Onun fikrincə, Avropanın danışıqlarda iştirakı Ukraynanın öz qərarvermə hüququnu əvəz etməsə də, ölkə üçün mühüm siyasi dəstək rolunu oynayır.

Vural


media-adspc

Bənzər xəbərlər