media-8b2880da-ce86-4cf2-bb87-5c458c3656ac

Əsərin ictimai dəyəri önəmlidir, yoxsa ədəbi dəyəri? Azərbaycan cəmiyyətində bu iki anlayışın tez-tez qarışdırılması ədəbiyyatın inkişafı ilə bağlı müzakirələrə səbəb olur.

ERAmedia-nın məlumatına görə, yazıçı Aqşin Yenisey bu barədə fikirlərini bölüşərək bildirib ki, cəmiyyətimiz çox vaxt ictimai dəyəri ədəbi dəyərlə eyniləşdirir və ictimai əhəmiyyəti olmayan əsərin ədəbi dəyərinin də mövcud olmadığını düşünür.

Yazıçının fikrincə, əsərin ictimai dəyəri onun müəyyən ictimai problemə həsr olunması ilə ölçülür. Belə mətnlərdə estetika, mənalandırma, bədii həll və digər ədəbi meyarlar bəzən arxa plana keçir. O, Səməd Vurğunun “Azərbaycan” şeirini, Bəxtiyar Vahabzadənin yaradıcılığının böyük hissəsini və Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını ictimai dəyəri olan əsərlər kimi xarakterizə edib.

Aqşin Yenisey eyni zamanda bu əsərlərin ədəbi dəyərinin ayrıca müzakirə edilməli olduğunu vurğulayıb. Onun qənaətinə görə, peşəkar ədəbiyyat mühitində bu cür əsərlərə münasibət bəzən onların bədii keyfiyyətlərindən daha çox daşıdıqları ictimai və milli məzmunla müəyyənləşir. Yazıçı hesab edir ki, “Azərbaycan” şeirini tərifləyən şair bunu bəzən ədəbiyyat adamı kimi deyil, vətəndaş mövqeyindən edir.

O, ictimai və ədəbi dəyər arasındakı fərqi belə izah edib: ictimai dəyər vətəndaş üçün, ədəbi dəyər isə oxucu üçün yaradılır. Vətəndaş və oxucu eyni insanda birləşsə də, fərqli mənəvi və intellektual ehtiyacları təmsil edir.

Yazıçının fikrincə, Azərbaycan ədəbiyyatında vətəndaş şeirinin üstün mövqedə olmasının əsas səbəblərindən biri millətin inşası prosesinin hələ başa çatmamasıdır. O hesab edir ki, vətəndaş şeiri bu prosesdə mühüm vasitə rolunu oynayır və cəmiyyətin milli kimliyinin formalaşmasına xidmət edir. Oxucu ədəbiyyatının geniş imkanlarının ortaya çıxması isə millətin inşası prosesi tamamlandıqdan sonra mümkün olacaq.

Aqşin Yenisey Azərbaycan cəmiyyətinin ədəbi zövqünü Fransa, İngiltərə, Almaniya və İtaliya kimi ölkələrlə müqayisə etməyin doğru olmadığını düşünür. Onun sözlərinə görə, həmin ölkələrdə millətin inşası prosesi çoxdan başa çatıb və vətəndaş ədəbiyyatının əvvəlki funksiyası aradan qalxıb. Azərbaycanda isə cəmiyyət quruculuğu və milli kimliyin formalaşması prosesi hələ də davam edir.

Yazıçı bu yanaşmasını İranın tarixi və milli kimliyinin formalaşması prosesi ilə də əlaqələndirib. O bildirib ki, İranın gücünü yalnız ballistik raketlər və pilotsuz uçuş aparatları ilə ölçmək düzgün deyil. Onun fikrincə, bu ölkənin əsas güc mənbələrindən biri XVI əsrdən etibarən formalaşdırılan milli-siyasi kimlik və tarixi yaddaşdır.

Aqşin Yenisey Səfəvilər dövründə formalaşan dövlətçilik modelinin, dini və mədəni dəyərlərin İran toplumunun inşasında mühüm rol oynadığını qeyd edib. Bu kontekstdə “Şahnamə” əsərinə də toxunan yazıçı onun yaranma tarixini, türk hökmdarı Qəznəli Mahmudla əlaqəsini və İranın tarixi-mədəni kimliyinin formalaşmasındakı rolunu müzakirəyə çıxarıb.

Yazıçının diqqət çəkdiyi əsas məsələlərdən biri də İranın vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçid edə bilməməsinin səbəbləridir. O hesab edir ki, bu məsələ millətin hansı dəyərlər üzərində qurulmasından birbaşa asılıdır. Aqşin Yeniseyin fikrincə, vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçid yalnız milli dövlət modelində mümkündür. Dini-ideoloji prinsiplərin dövlət idarəçiliyində üstünlük təşkil etdiyi sistemlərdə isə fərdin özünü və şəxsi zövqünü sərbəst ifadə etməsi məhdudlaşır.

Avropa təcrübəsinə toxunan yazıçı bildirib ki, milli dövlətlərin formalaşmasında dil mərkəzli strategiya mühüm rol oynayıb. Onun fikrincə, Avropada klassisizmdən romantizmə, modernizmdən avanqardizmə və postmodernizmə qədər uzanan ədəbi inkişaf mərhələləri cəmiyyətin və fərdin dünyagörüşünün dəyişməsini əks etdirib.

Aqşin Yenisey Türkiyədə Mustafa Kamal Atatürkün həyata keçirdiyi milli dövlət quruculuğunu da bu prosesin nümunələrindən biri kimi göstərib. Onun qənaətinə görə, Avropa dövlətləri milli və institusional mərkəzləşmə prosesini başa çatdırdıqdan sonra vətəndaş ədəbiyyatına əvvəlki ehtiyac qalmayıb, oxucu ədəbiyyatı isə aparıcı mövqeyə yüksəlib.

Yazıçı hesab edir ki, bu gün dünya ədəbiyyatına çıxan əsərlər əsasən oxucu ədəbiyyatının nümunələridir. Buna görə də Azərbaycan ədəbiyyatının gələcək inkişaf istiqaməti ilə bağlı prinsipial seçim edilməlidir.

Aqşin Yenisey fikirlərini belə bir sualla yekunlaşdırıb: “Məqsədimiz nədir, dünyaya çıxmaq, yoxsa millət inşa etmək?”

Onun fikrincə, Azərbaycan ədəbiyyatı dünya miqyasında tanınmaq istəyirsə, vətəndaş ədəbiyyatının məhdud çərçivələrindən kənara çıxmalı, millətin inşası prosesi davam edəcəksə, oxucu ədəbiyyatının inkişafı hələlik ikinci plana keçməlidir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər