media-62d507be6ab5d62d507be6ab5e165812831862d507be6ab5b62d507be6ab5c

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Ümmülbanu Əsədullayeva – Banin zəngin ailədə dünyaya gəlsə də, həyatının sonrakı mərhələsində fərqli ölkədə, fərqli mədəni mühitdə özünü təsdiqləməyi bacarıb.

ERAmedia xəbər verir ki, 1905-ci ilin yanvarında Bakıda anadan olan yazıçı və tərcüməçi Ümmülbanu Mirzə qızı Əsədullayeva dövrünün tanınmış milyonçu ailələrindən birinə mənsub olub.

Onun atası Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayev, anası isə milyonçu Musa Nağıyevin qızı Ümmülbanu idi. Dörd bacının ən kiçiyi olan Ümmülbanu ailənin sonuncu övladı kimi dünyaya gəlib. Lakin doğulduğu günlər ailəsi üçün ağır itki ilə yadda qalıb. Anası doğuş zamanı yaranan çətinliklər və əlverişsiz hava şəraiti səbəbindən xəstələnib. Həmin vaxt Bakıda hökm sürən güclü çovğun yolları bağladığından ona vaxtında tibbi yardım göstərmək mümkün olmayıb. Bir müddət xəstəliklə mübarizə aparan gənc qadın həyatını itirib, körpə Ümmülbanu isə sağ qalıb.

Anasının vəfatından sonra uşağın tərbiyəsi və gələcəyi atasının məsuliyyətinə keçib. Mirzə Əsədullayev qızına həyat yoldaşının adını verərək onun xatirəsini yaşadıb. Dörd qızının yaxşı təhsil almasına xüsusi diqqət yetirən ata, onların dünyagörüşünün formalaşması və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradıb. Bu məqsədlə ailədə əcnəbi dayələr çalışıb, qızların savadlı və mədəni mühitdə böyüməsinə şərait yaradılıb.

Ümmülbanunun həyatında mühüm dönüş nöqtəsi 19 yaşında Fransaya köçməsi olub. Qohumlarının yanına gedən gənc qadın əvvəlcə iş tapmaqda çətinlik çəksə də, sonradan Parisdə dəftərxanada çalışmağa başlayıb. Yeni ölkədə yaşamasına baxmayaraq, onun düşüncələrində Bakı və Azərbaycanla bağlı xatirələr xüsusi yer tutub. Ümmülbanu ətrafındakı fransız dostlarına doğma şəhərindən, ailəsindən və keçmiş həyatından tez-tez danışıb.

Məhz bu söhbətlər onun yazıçılığa başlamasında mühüm rol oynayıb. Fransalı dostlarının təşviqi ilə xatirələrini yazıya köçürən Ümmülbanu zaman keçdikcə ədəbi fəaliyyətə daha ciddi maraq göstərib. Parisin ədəbi mühiti, xüsusilə 1930-cu illərdə şəhərdə hökm sürən yaradıcı atmosfer onun dünyagörüşünə və yaradıcılıq istiqamətinə təsir edib.

Azərbaycanla bağlı mövzulara üstünlük verən Baninin ilk romanı “Hami” 1934-cü ildə nəşr olunub. Bu əsərlə o, fransızdilli ədəbiyyat aləmində yazıçı kimi tanınmağa doğru ilk mühüm addımını atıb.

Ümmülbanu Əsədullayevanın həyat və yaradıcılığı Bakıdan Parisə uzanan mürəkkəb bir talenin, iki fərqli mədəniyyət arasında formalaşan ədəbi dünyagörüşünün nümunəsidir. O, Azərbaycanla bağlı xatirələrini və müşahidələrini fransız dilində qələmə alaraq milli ədəbiyyatımızın beynəlxalq müstəvidə tanıdılmasına töhfə verən simalardan biri kimi yadda qalıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər