Azərbaycan-Türkiyə münasibətlərinin normallaşması kimləri məyus etdi?
Azərbaycanla Türkiyə arasında son dövrlərdə yaranmış siyasi gərginliyin iki ölkə prezidentinin səmimi dialoqu nəticəsində aradan qaldırılması və qardaşlıq münasibətlərinin yenidən ön plana çıxarılması hər iki ölkənin məsuliyyətli insanlarını sevindirib.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu proses Azərbaycan və Anadolu türklərinin böyük əksəriyyətini rahatladıb, eyni zamanda iki ölkə arasında münasibətlərin pozulmasında maraqlı olan fürsətçilərin və saxta vətənpərvərlərin əsl niyyətlərini üzə çıxarıb.
Deputatın sözlərinə görə, yaranmış gərginlik dövründə müxtəlif çevrələrdən ona çoxsaylı suallar ünvanlanır, həssas insanlar narahatlıqlarını ifadə edirdilər. O isə hər dəfə bir millətin iki dövlətinin təcrübəli və uzaqgörən rəhbərlərinin qardaşlıq duyğusu ilə münasibətləri qısa zamanda yoluna qoyacaqlarına inandığını bildirirdi.
Fazil Mustafa qeyd edib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin onu yüksək səmimiyyətlə qarşılaması, dostluq və qardaşlıq ritorikasının yenidən ön plana çıxarılması bu narahatlıqlara son qoydu.
Deputat hesab edir ki, Azərbaycanla Türkiyə arasındakı anlaşılmazlığın davam etməsi təkcə iki dövlətə deyil, bütövlükdə türk dövlətlərinin birlik idealına zərər vura bilərdi. Buna görə də münasibətlərin sağlam məcraya qayıtması xüsusi əhəmiyyət daşıyır.
Hər ölkənin özünəməxsus təhlükəsizlik və siyasi həssaslıqları var
Milli Məclisin deputatı hesab edir ki, son proseslər Azərbaycan və Türkiyə cəmiyyətləri üçün mühüm bir məqamı da aktuallaşdırıb: hər bir dövlətin özünəməxsus təhlükəsizlik riskləri, tarixi, siyasi və dini ənənələri mövcuddur və bunlara qarşılıqlı həssaslıqla yanaşılmalıdır.
Onun sözlərinə görə, bir ölkə digərindən öz cəmiyyətindəki tarixi, siyasi və dini ənənələrin eyniliyini tələb etməməlidir. Ən yüksək qardaşlıq münasibətləri şəraitində belə, dövlətlərin spesifik xüsusiyyətlərinə və təhlükəsizlik maraqlarına hörmətlə yanaşmaq vacibdir.
Fazil Mustafa vurğulayıb ki, bu prosesin müsbət nəticələnməsi ilə Azərbaycan və Türkiyə xalqları rahatlıq tapmaqla yanaşı, ən mühüm məqamda düşmənlərini də sevindirmədilər.
Deputat burada diqqətin yalnız xarici düşmənlərə yönəldilməməsinin vacibliyini qeyd edib. Onun fikrincə, cəmiyyət daxilində milli birliyi və dövlətlərarası münasibətləri zəiflətməyə çalışan qüvvələrə də diqqət yetirilməlidir.
O bildirib ki, son günlər siyasətdə, mediada və sosial şəbəkələrdə bəzi fürsətçilərin necə fəallaşdığını müşahidə etmək mümkün idi.
Dünyəvi dövlətçilik və siyasi İslam ideologiyası məsələsi
Fazil Mustafa həm Azərbaycanda, həm də Türkiyədə səmimi dini inanc sahibləri ilə yanaşı, siyasi İslam ideologiyasının daşıyıcılarının olduğunu bildirib.
Deputatın fikrincə, dini dəyərlərin siyasi məqsədlər üçün təhrif edilməsi, Quranın mahiyyətindən uzaq düşüncə və həyat tərzinin İslam adı altında təbliği, geriliyin əqidə kimi təqdim olunması dünyəvi dövlətçilik prinsiplərinə zərbə vurur.
O hesab edir ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirmədən bu cür ideoloji yanaşmalara qarşı tənqidi mövqe sərgiləmək mümkündür və bəzi hallarda bu, zərurətə çevrilir.
Deputat xüsusi vurğulayıb ki, iki qardaş ölkə arasında yaranan müvəqqəti anlaşılmazlıqlardan istifadə edərək tarixi münasibətlərin əsaslarını sarsıtmağa çalışmaq yolverilməzdir. Onun fikrincə, belə fəaliyyət türk düşmənçiliyi kimi qiymətləndirilməlidir.
Türkiyəli qardaşlarla görüşə görə deputata qarşı kampaniya
Milli Məclisin deputatı son günlər özünün deputat fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan müzakirələrə də münasibət bildirib.
Fazil Mustafa qeyd edib ki, jurnalist Taleh Şahsuvarlı onun Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanda 32 ildir rəsmi qeydiyyatda olan “Gəncliyə Yardım Fondu”nun nümayəndələrini qəbul etməsi ilə bağlı foto üzərindən status paylaşıb.
Deputatın sözlərinə görə, həmin fond uzun illərdir Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Komitənin fəaliyyət istiqamətinə uyğun olaraq təşkilat nümayəndələrinin müraciətinə müsbət yanaşılıb, Milli Məclisdə görüş keçirilib və bu barədə mediada rəsmi məlumat yayılıb.
Fazil Mustafa bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində müəyyən gərginliyin olduğu bir vaxtda həmin görüşü bəhanə edərək onun Milli Məclisdən uzaqlaşdırılmasını tələb etmək əsassız yanaşmadır.
Deputat belə münasibəti tənqid edərək vurğulayıb ki, Türkiyədən olan qardaşlarla görüşün siyasi gərginlik dövrünə təsadüf etməsi həmin təmasın mahiyyətini dəyişmir. Onun fikrincə, eyni yanaşma digər türk dövlətlərindən gələn nümayəndələrin qəbulu zamanı da tətbiq edilməlidir.
O sual edib ki, sabah Özbəkistandan və ya Qazaxıstandan gələn nümayəndələr qəbul olunarsa, həmin dövlətlərlə münasibətlərdə müvəqqəti siyasi soyuqluq yaranacağı təqdirdə bu görüşlərə görə də ittihamlar səsləndirilməlidirmi?
Fazil Mustafa hesab edir ki, eyni soydan olan xalqların nümayəndələri ilə mehriban təmaslardan hər hansı bir azərbaycanlının narahat olması üçün əsas yoxdur.
Nuri Paşanın və türk əsgərinin tarixi xidmətlərinə kölgə salmaq cəhdləri
Deputat bundan əvvəl də Azərbaycan-Türkiyə münasibətləri və milli tarixlə bağlı mübahisəli mövqelərin ortaya atıldığını xatırladıb.
O bildirib ki, bir neçə il əvvəl dövlətin “İrəvanın Ermənistana verilməsi” məsələsi ilə bağlı siyasi tezisinin mahiyyətini dəyişdirərək bunu Məhəmməd Əmin Rəsulzadənin xəyanəti kimi təqdim etməyə çalışan yazılar dərc olunub.
Fazil Mustafa həmin yazıların müəlliflərini tənqid edərək qeyd edib ki, bu çevrələr Nuri Paşanın və qəhrəman türk əsgərlərinin 1918-ci ildə Azərbaycanı erməni-bolşevik işğalından azad etmək istiqamətində göstərdikləri tarixi xidmətlərə də kölgə salmağa çalışıblar.
Deputatın fikrincə, Azərbaycan-Türkiyə münasibətlərində yaranan hər hansı müvəqqəti gərginlikdən istifadə edərək Türkiyə əleyhinə təbliğat aparan qüvvələr gələcəkdə də belə fürsətləri dəyərləndirməyə çalışacaqlar.
O vurğulayıb ki, iki qardaş ölkə arasında münasibətlərin sağlam məcraya qayıtması Azərbaycan və Anadolu türklərinin böyük əksəriyyətini sevindirdiyi halda, fürsətçiləri, türk düşmənlərini və saxta vətənpərvərləri məyus edib.
Fazil Mustafa sonda bildirib ki, bu fikirlərini yazmaqda məqsədi təkcə şəxsinə qarşı səsləndirilən ittihamlara cavab vermək deyil, həm də ictimai-siyasi və elmi fəaliyyəti üzərindən illərdir onu hədəfə alan şəxslərin başqa məsələlərdə hansı mövqelərə sahib olduqları barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Onun qənaətinə görə, Azərbaycan-Türkiyə qardaşlığının dərin mənəvi köklərini anlamayan və iki dövlət arasında münasibətlərin pozulmasından siyasi dividend əldə etməyə çalışan qüvvələr bundan sonra da məyus olacaqlar.
Əli Fərhad










