media-17665870122128015388_1200x630
media-bant_master

Dekabrın 29-dan 30-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Qlobal İdman Sammiti keçiriləcək. “İdman vasitəsilə dünyanı birləşdirək” şüarı altında təşkil olunacaq tədbirdə 80-dən çox dövlətdən yüksəksəviyyəli idman rəsmiləri, bu sahədə tanınmış liderlər, idman ulduzları, ümumilikdə 1500-dən artıq şəxs iştirak edəcək.

ERAmedia xəbər verir ki, sammit çərçivəsində 20-dən çox panel iclas keçiriləcək, 70 tanınmış idmançı və digər qonaqlar çıxış edəcəklər. Natiqlər arasında futbolun böyük əfsanələrindən biri italiyalı Françesko Totti, Amerika futbolunun ulduzu, Superboul çempionu Viktor Kruz, İspaniya futbolunun “qızıl nəsli”nin nümayəndəsi Andres İnyesta, Braziliya millisinin sabiq kapitanı Kafu, NBA ulduzu Beron Devis, qadınlar arasında peşəkar tennis turnirlərinin qalibi ispaniyalı Paula Badosa və UFC üzrə sabiq çempion Həbib Nurməhəmmədov yer alırlar.

Sammit öz növündə ən böyük qlobal toplantı hesab olunur. Burada idman sektorunun aparıcı qərarvericiləri, beynəlxalq ekspertlər, dünyaşöhrətli idmançılar, beynəlxalq idman federasiyaları və təşkilatlarının nümayəndələri, həmçinin investorlar və innovatorlar vahid platformada bir araya gələrək fikir mübadiləsi aparacaq və qlobal miqyasda idmanın gələcəyini müzakirə edəcəklər.

Tədbir çərçivəsində “Məhəmməd bin Raşid Al Maktum Qlobal İdman Mükafatı”nın 13-cü təqdimatı da təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər