Bir məzar, iki ürək, 32 illik sədaqət: Zəfərin qovuşdurduğu Mehman və Sevda
Elə sevgilər var ki, zaman keçdikcə, məsafələr artdıqca və xatirələr dumanlandıqca belə öz gücünü itirmir. Belə sevgilər fiziki yaxınlıqdan, səsdən, baxışdan və qarşılıq gözləntisindən uzaq olsa da, insanın ruhunda əbədi yaşayır.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında 32 il boyunca şəhid sevgilisinin yolunu gözləyən Sevda xanımın və Vətən uğrunda canından keçən Mehman Musayevin təsirli həyat hekayəsindən danışıb.
Zaur Əliyev bildirib ki, Mehman və Sevdanın sevgisi zamanın, ayrılığın, hətta ölümün belə məhv edə bilmədiyi mənəvi bağlılığın nümunəsidir. Bu, birinin torpaq altında, digərinin isə torpaq üzərində yaşatdığı, 32 il boyunca sədaqətlə qoruduğu sevgidir.
Şəhid Musayev Mehman Camal oğlu 1964-cü il iyunun 5-də Kəlbəcər rayonunda dünyaya göz açıb. Onun həyatının ən xoşbəxt günlərindən biri Sevda ilə tanışlığı, ən böyük arzularından biri isə 11 il davam edən gözləntidən sonra sevdiyi qadını onunla ailə qurmağa razı salması olub.
Mehman xoşbəxt idi. Sevdası ilə bir ömür yaşamağa hazırlaşırdı. Lakin həmin illərdə Qarabağ torpaqları düşmən tapdağı altında idi. Qarşısında ağır bir seçim vardı: şəxsi xoşbəxtliyi, yoxsa Vətənin taleyi. Mehman Vətən sevgisini hər şeydən üstün tutaraq cəbhəyə yollandı.
Ağdam, 1993-cü il…
Sevda Mehmanı cəbhəyə yola salmağa gəlmişdi. O da anlayırdı ki, sevdiyi insanın qəlbindəki ən böyük arzulardan biri torpaqlarımızın azadlığıdır. Mehmanın əllərindən tutaraq ona belə bir söz verdi:
“Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyik”.
Bu, sadəcə bir vida cümləsi deyildi. Bu, iki insanın gələcəyə bağladığı ümid, bir qadının sevgisinə və Vətəninə olan inamının ifadəsi idi.
Lakin 1993-cü ildə Kəlbəcər ətrafında gedən ağır döyüşlər zamanı Mehman itkin düşdü. Onu yola salan gözlər bir daha sevdiyini görə bilmədi. Düz 32 il…
Bu illər ərzində Sevda xanım üçün zaman sanki dayanmışdı. Hər dəfə qohumunun, tanışının, qonşusunun toyundan Vağzalı sədaları eşidiləndə pəncərəyə qaçır, sonra göz yaşlarını içinə axıdırdı. Çünki bir vaxtlar özünün də gəlinlik geyinəcəyi, Mehmanla bir ömürə başlayacağı günləri xəyal etmişdi.
Amma o, başqa bir həyat seçmədi. Başqa bir ələ toxunmadı, başqa bir sevgiyə sığınmadı. Gəlinlik geyinmədi, lakin Mehmanın xatirəsinə bürünərək bir ömür onun sevgisinə sadiq qaldı.
Zaur Əliyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər yalnız işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnmədi. Bu qələbə həm də illərlə cavab gözləyən suallara cavab, həsrətlə yaşayan ailələrə təsəlli, şəhidlərin doğmalarına isə illərin ağrısı ilə qarışıq bir qovuşma hissi gətirdi.
Mehman da 32 ildən sonra Sevdanın qarşısına çıxdı. Ancaq bu dəfə sevdiyi qadının yanına özü gəlmədi. Onu çiyinlərdə gətirdilər…
Sevda xanım 32 il əvvəl verdiyi sözə sadiq qalmışdı. Onun Mehmanına deyə biləcəyi sözlər isə illərin həsrətini özündə birləşdirirdi:
“Mən sənə verdiyim sözü tutdum, Mehman… Bir ömür boyu səni gözlədim, sənin adına, sənin sevgisinə layiq yaşadım. İndi ruhun şaddırsa, mən də hüzurluyam…”
Bu gün Sevda xanımın gözləmək üçün deyil, ziyarət etmək üçün bir ünvanı var. Artıq pəncərəyə qaçıb Vağzalı səsinə kövrəlmək əvəzinə, Mehmanın məzarına gedib onunla dərdləşə bilər.
Bu hekayə bir daha göstərir ki, əsl sevgi yalnız birlikdə yaşanan günlərlə ölçülmür. Bəzən sevgi bir ömür gözləmək, verilən sözə sadiq qalmaq, yoxluqda varlığı yaşatmaqdır.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər torpaqlarımızı azad etməklə yanaşı, 32 il həsrətlə yaşayan bir qadının sevgisinə də bir ünvan qaytardı.
Mehman Vətən uğrunda canından keçdi, Sevda isə onun sevgisini bir ömür yaşatdı. Bu gün onların hekayəsi şəhidlərimizin Vətənə olan sevgisi ilə yanaşı, geridə qoyduqları insanların sədaqətinin də unudulmaz nümunəsidir.
Sevda xanım, sizin sədaqətiniz qarşısında baş əyirik. Mehmanı sizə qaytaran, şəhidlərimizin ruhunu şad edən və torpaqlarımızı azadlığa qovuşduran bu Zəfər xalqımızın tarixində əbədi yaşayacaq.
Mələk Onur









