media-d70c08d8-8823-457b-8091-77a42e0f072c

Latviyada Rusiya ilə sərhəddə qoruyucu hasarın tikintisi tam yekunlaşdırılıb.

ERAmedia xəbər verir ki, bu barədə layihəyə cavabdeh olan dövlət şirkəti “Valsts Nekustamie Ipasumi” məlumat yayıb.

Son mərhələdə “Igate” şirkəti tərəfindən inşa edilən 99 kilometr hasarın 72 kilometri istismara verilib.

Latviya–Rusiya sərhədində ümumi qoruyucu infrastrukturun uzunluğu təxminən 280 kilometr təşkil edir ki, bu da texniki cəhətdən mümkün olan ərazilərdə fasiləsiz fiziki baryerin yaradılmasını təmin edir.

Layihənin dəyəri daha əvvəl 146 milyon avro olaraq qiymətləndirilib.

Latviyanın daxili işlər naziri Rixards Kozlovskis bildirib ki, Rusiya və Belarusla sərhədlərdə hasarın tikintisinin başa çatdırılması milli təhlükəsizliyin möhkəmləndirilməsi və Avropa İttifaqının xarici sərhədlərinin qorunması baxımından mühüm töhfədir.

Nazirin sözlərinə görə, gələcəkdə sərhəd əraziləri müasir texnoloji müşahidə sistemləri ilə daha da təchiz ediləcək.

Eyni zamanda, əlavə infrastrukturun qurulması üzrə işlər davam edir. Buraya patrul yollarının, körpülərin və müxtəlif mühəndis qurğularının inşası daxildir.

Yay aylarında Rusiya ilə sərhədin daha 41 kilometrlik hissəsində, xüsusilə bataqlıq ərazilərdə yekun mərhələnin icrasına başlanılıb. Əsas tikinti işlərinin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.

“Valsts Nekustamie Ipasumi” şirkəti həmçinin Belarusla sərhəddə həyata keçirilən layihələri də koordinasiya edir. Orada ümumi uzunluğu təxminən 145 kilometr olan əsas hasarın tikintisi 2024-cü ilin iyulunda başa çatdırılıb. Ayrı-ayrı sahələrdə son infrastruktur işlərinin 2026-cı ilin yazına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, Latviyanın bütün xarici quru sərhədlərinin texnoloji avadanlıqlarla təchiz edilməsi 2026-cı ilin sonunadək tam başa çatdırılmalıdır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər