Çoxqütblü dünya və yeni geosiyasi reallıqlar: Azərbaycan böhranı fürsətə çevirə bildi
Dünya nizamının transformasiyası və çoxqütblü sistemə keçid prosesi Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətini getdikcə artırır.
ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Əli Zülfüqaroğlu “XQ”yə açıqlamasında qlobal güclərin Mərkəzi Asiyaya artan marağını, region ölkələrinin çoxvektorlu diplomatiyasını və Azərbaycanın dəyişən geosiyasi reallıqlardan əldə etdiyi üstünlükləri şərh edib.
Siyasi şərhçi bildirib ki, hazırda çoxqütblü dünyanın formalaşması prosesi gedir. İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının tədricən transformasiyaya uğraması qlobal geosiyasi rəqabəti daha da gücləndirir. Aparıcı güclər arasında ziddiyyətlərin dərinləşməsi beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərir.
Onun sözlərinə görə, bu proses dövlətlərarası münasibətlərin yenidən formalaşması ilə yanaşı, yeni beynəlxalq təşkilatların və hərbi blokların meydana çıxması ehtimalını da artırır. Belə bir şəraitdə beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənlik və geosiyasi risklər genişlənir.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Mərkəzi Asiya əlverişli coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və iqtisadi potensialı ilə qlobal güclərin xüsusi maraq dairəsinə daxil olub. Çin, Rusiya, ABŞ və Avropa İttifaqı regionda öz mövqelərini möhkəmləndirməyə, geosiyasi və iqtisadi maraqlarını təmin etməyə çalışırlar.
Siyasi şərhçi hesab edir ki, bu rəqabət Mərkəzi Asiya ölkələrini xarici siyasətdə daha çevik və çoxşaxəli yanaşma sərgiləməyə sövq edir. Müxtəlif güc mərkəzləri ilə münasibətlərin balanslaşdırılması region dövlətləri üçün həm siyasi manevr imkanları yaradır, həm də mümkün təzyiqlər və maraqlar toqquşması baxımından müəyyən risklər ehtiva edir.
O qeyd edib ki, region ölkələrinin çoxvektorlu diplomatiyaya üstünlük verməsi mövcud geosiyasi şəraitdə başadüşüləndir. Çünki böyük güclər arasındakı rəqabətin fonunda yalnız bir istiqamətə əsaslanan xarici siyasət dövlətlərin seçim imkanlarını məhdudlaşdıra bilər.
Əli Zülfüqaroğlunun fikrincə, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətinin artması da Mərkəzi Asiyanın geosiyasi çəkisini yüksəldən əsas amillərdəndir. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və Ukrayna müharibəsi ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətində müəyyən çətinliklər yaradıb. Bu isə Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb.
Siyasi şərhçi vurğulayıb ki, hazırda bir çox ölkə Orta Dəhlizin imkanlarından yararlanmağa, bu marşrutda öz mövqeyini və iştirak payını gücləndirməyə çalışır. Nəqliyyat dəhlizləri artıq təkcə iqtisadi və logistika məsələsi deyil, həm də dövlətlərin geosiyasi təsir imkanlarını müəyyənləşdirən mühüm vasitəyə çevrilib.
O, Azərbaycanın bu prosesdəki roluna da xüsusi diqqət çəkib. Bildirib ki, hazırda yalnız Mərkəzi Asiyada deyil, bütövlükdə dünyada ciddi ziddiyyətlər və qarşıdurmalar mövcuddur. Geosiyasi böhranın dərinləşməsi dövlətlər və xalqlar üçün yeni təhdidlər yaratsa da, yaranmış vəziyyətdən öz maraqları naminə faydalanmağı bacaran ölkələr də var. Azərbaycan belə dövlətlərdən biridir.
Əli Zülfüqaroğlunun qənaətinə görə, Azərbaycan geosiyasi böhranın yaratdığı imkanlardan öz milli maraqları çərçivəsində istifadə etməklə Qarabağ probleminin həllinə nail olub. Hazırda isə ölkənin qarşısında yeni strateji hədəflər dayanır.
Siyasi şərhçi Azərbaycanın Orta Dəhlizdəki mövqeyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, ölkəmizin əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və regional bağlantılardakı rolu Azərbaycana əlavə iqtisadi və siyasi dividendlər qazandırır.
Əli Zülfüqaroğlu hesab edir ki, Azərbaycanın həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan siyasət ölkəni mövcud təhdidlərdən qorumaqla yanaşı, qlobal böhranın yaratdığı imkanlardan da səmərəli istifadə etməyə şərait yaradıb.
Siyasi şərhçi əlavə edib ki, dünyada Azərbaycan kimi mürəkkəb geosiyasi şəraitdə öz maraqlarını təmin etməyi bacaran ölkələrin sayı çox deyil. Bundan sonrakı mərhələdə də dəyişən beynəlxalq reallıqlara uyğun, çevik və uzaqgörən siyasətin davam etdirilməsi ölkəmizə yeni dividendlər qazandıra bilər.
Vüsalə










