media-895792334_1136815745405738_5522714252307808212_n_1794295769

Bu günlər daha böyük qürurla dalğalanan üçrəngli bayrağımız təkcə Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi deyil, həm də onun ruhunun təcəssümüdür.

ERAmedia-nın məlumatına görə, professor Qulu Məhərrəmli Dövlət Bayrağı Günü münasibətilə sovet dövründə Azərbaycan Cümhuriyyətinin ideyalarını yaşadan, onun tarixini araşdıran və təbliğ edən ilk tədqiqatçılardan biri Mövsüm Əliyev haqqında paylaşım edib.

Professor qeyd edib ki, müstəqillik illərində Cümhuriyyət tarixinə dair yazılan bir çox araşdırmada Mövsüm Əliyevin “Odlar yurdu” qəzetində dərc olunmuş silsilə məqalələrinə istinad edilib. Publisistik xarakter daşımasına baxmayaraq, həmin yazılar ilkin mənbə əhəmiyyəti daşıyıb.

Qulu Məhərrəmli Mövsüm Əliyevin həyat və fəaliyyətindən bəhs edərkən Rais Rəsulzadənin onunla bağlı xatirəsini də diqqətə çatdırıb:

“Hələ sovet dövrü idi. Bir gün emalatxanama ortayaşlı bir adam gəldi. Salam-kəlamdan sonra soruşdu ki, siz babanızın kim olduğunu bilirsinizmi? Heç cavabımı gözləmədən Cümhuriyyət və babam haqqında heç vaxt eşitmədiyim xeyli məlumat verdi. O söhbətdən sonra Mövsüm Əliyevlə davamlı görüşürdük”.

Professorun sözlərinə görə, Rais Rəsulzadə Mövsüm Əliyevin müəmmalı ölümü haqqında da təəssüflə danışıb.

Əslən Zirə kəndindən olan Mövsüm Əliyev 1939-cu ildə kasıb ailədə anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunda təhsil alıb. İxtisasca sənətşünas olan Əliyev 1960-cı illərin sonlarından etibarən Azərbaycan Cümhuriyyətinin tarixinə aid sənədləri toplamağa başlayıb. 1970–1980-ci illərdə araşdırmalarını daha da dərinləşdirərək Cümhuriyyətin qurucuları və həmin dövrün siyasi hadisələri ilə bağlı çoxsaylı sənədlər əldə edib.

O, sovet rejiminin hökm sürdüyü bir dövrdə, 1988-ci ildə Məhəmməd Əmin Rəsulzadə haqqında ilk məqaləsini yazıb. Sonrakı illərdə Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət xadimləri haqqında sanballı araşdırmalarını ictimaiyyətə təqdim edib. Mövcud siyasi şəraitə görə yazılarını “Əlioğlu” imzası ilə dərc etdirib.

Mövsüm Əliyev Cümhuriyyət qurucuları haqqında məlumatları arxivlərdən əldə edir, sənədləri köçürərək onların surətlərini qoruyub saxlayırdı. Bu çətin və riskli işdə ona yaxın dostu, akademik Ziya Bünyadovun da kömək etdiyi bildirilir. Bəzi məlumatlara görə, Ziya Bünyadov DTK arxivlərindəki mühüm sənədləri bəzən gizli şəkildə ona çatdırırmış.

Araşdırmalarını genişləndirdiyi dövrdə Mövsüm Əliyev özünün milli düşüncəli insanlar hesab etdiyi publisist-tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev və diplomat, mühacirətşünas-tədqiqatçı Ramiz Abutalıbovla da dostluq edib, elmi axtarışlarını və fikirlərini onlarla bölüşüb.

Şahidlərin söylədiklərinə görə, maddi çətinliklər içində yaşamasına baxmayaraq, Mövsüm Əliyev Cümhuriyyətə aid sənədləri əldə etmək üçün pul xərcləməkdən çəkinməyib. O, 28 May – İstiqlal Gününü də xüsusi təntənə və səxavətlə qeyd edirmiş.

Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçılarından sayılan Mövsüm Əliyev 1998-ci ilin dekabrında, ömrünün son günlərini keçirdiyi Bakının Poluxin küçəsi, 44 ünvanındakı mənzilində vəfat edib. Onun ölümündən yalnız bir neçə gün sonra qonşuları bu hadisədən xəbər tutublar.

Qulu Məhərrəmlinin diqqətə çatdırdığı ən ağrılı məqamlardan biri isə Mövsüm Əliyevin zəngin şəxsi arxivinin taleyi ilə bağlıdır. Məlumatlara görə, onun ölümündən sonra topladığı təxminən iki kisə sənəd mənzil-istismar sahəsinin işçiləri tərəfindən aparılıb. Həmin qiymətli tarixi materialların sonrakı taleyi bu günədək məlum deyil.

Beləliklə, sovet hakimiyyəti illərində Cümhuriyyət tarixini unutdurmağa çalışan ideoloji mühitə baxmayaraq, bu tarixi yaddaşda yaşatmaq üçün çalışan Mövsüm Əliyevin həyat yolu Azərbaycanın istiqlal tarixinin az öyrənilmiş səhifələrindən biri olaraq qalır.

Professor Qulu Məhərrəmli paylaşımını Mövsüm Əliyevə və Cümhuriyyətin dünyasını dəyişmiş digər araşdırmaçılarına Allahdan rəhmət diləməklə yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər