Deputat: “Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir”
Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin sarsılmazlığında ortaq tarix, soy birliyi, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqları da mühüm rol oynayır.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündə dayanır.
Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığının əsl gücü mənəvi bağlarla strateji maraqların vəhdətindədir. Başqa sözlə, almanların “realpolitik” adlandırdıqları dövlət maraqları və milli mənafelərin üst-üstə düşməsi də iki ölkə arasındakı müttəfiqliyin sarsılmazlığını şərtləndirən mühüm amillərdəndir.
Sahib Alıyev diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada çıxışı zamanı Türkiyənin yalnız ikitərəfli münasibətlərdə deyil, qlobal miqyasda da proseslərə təsir göstərən güclü dövlət olduğunu vurğulayıb.
Deputatın fikrincə, dövlət başçısının səsləndirdiyi digər mühüm fikir isə Azərbaycan-Türkiyə birliyinin regional və daha geniş geosiyasi müstəvidəki əhəmiyyəti ilə bağlıdır.
İlham Əliyevin “Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir” fikrinə diqqət çəkən Sahib Alıyev bildirib ki, bu mesaj iki qardaş dövlətin malik olduğu potensialın və ortaq məsuliyyətin ifadəsidir.
Milli Məclisin deputatı hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri də məhz bu reallığın hər iki dövlət tərəfindən dərindən dərk edildiyini nümayiş etdirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə tarixi və mədəni yaxınlıq üzərində qurulmayıb. Bu münasibətlər həm də ortaq milli maraqlara, qarşılıqlı siyasi dəstəyə və regional təhlükəsizliyin təmin olunmasına əsaslanır.
Sahib Alıyevin qənaətinə görə, mənəvi qardaşlıqla strateji maraqların bir-birini tamamlaması Azərbaycan-Türkiyə müttəfiqliyini gücləndirən başlıca xüsusiyyətdir. Məhz bu sintez iki ölkənin beynəlxalq proseslərdə birgə mövqedən çıxış etməsinə və daha böyük geosiyasi təsir imkanları qazanmasına şərait yaradır.
Mələk Onur









