media-1792590780_v9kuiaj4r76dofmcgbso9f9rk7km_1200

Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında oktyabrın 21-də Dohada müdafiə memorandumu imzalanıb. Sənəd dörd ölkə arasında müdafiə sənayesi, hərbi texnologiyalar və təlim sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Siyasi şərhçi Elxan Şahinoğlu bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, “Bədr müqaviləsi” çərçivəsində əsas diqqət müdafiə məhsullarının birgə istehsalına, tədqiqat layihələrinə, müdafiə komponentlərinin hazırlanmasına, texniki təlimlərə və mühəndislik təcrübəsinin mübadiləsinə yönəldiləcək.

Onun sözlərinə görə, tərəflər birgə hazırlanan məhsulları hər ölkənin tələblərinə uyğunlaşdırmağı, eyni zamanda beynəlxalq bazarlarda satışını həyata keçirməyi planlaşdırırlar.

Elxan Şahinoğlu hesab edir ki, memorandumu imzalayan dörd ölkə arasında hərbi-texniki istehsal sahəsində Türkiyə və Pakistan daha üstün mövqedədir. Türkiyə son 20 ildə hərbi sənaye kompleksini əhəmiyyətli dərəcədə inkişaf etdirib. Bu inkişaf pilotsuz uçuş aparatlarından hərbi gəmilərə, zirehli texnikadan döyüş təyyarələrinə qədər geniş istehsal sahələrini əhatə edir.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə 2012-ci ildən 2026-cı ilin ilk doqquz ayınadək təxminən 54 milyard dollarlıq müdafiə və aerokosmik məhsul ixrac edib. Bu məbləğin 30 milyard dollardan çoxu 2023–2026-cı illərdə qeydə alınıb və 14 illik dövr üzrə ümumi ixracın 55 faizindən artıq hissəsini təşkil edib.

Onun fikrincə, böyük maliyyə imkanlarına malik Qətər də son illərdə Türkiyə istehsalı olan hərbi texnikaya üstünlük verir. İndoneziya isə Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin tədarükü və birgə istehsalı ilə maraqlanır. Pakistan da Çinin dəstəyi hesabına hərbi istehsal imkanlarını modernləşdirə bilib.

Elxan Şahinoğlu hesab edir ki, Qətər və İndoneziya “Bədr müqaviləsi”nə qoşulmaqla Türkiyə və Pakistanın hərbi-texniki inkişafından daha geniş şəkildə faydalanmağa çalışırlar.

Siyasi şərhçinin qənaətinə görə, “Bədr müqaviləsi”nin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin ABŞ-ın hərbi texnikasından asılılığını azaltmaqdır. O bildirib ki, müqaviləyə qoşulan dövlətlərin hər biri uzun illər ABŞ-dan müxtəlif növ hərbi texnika alıb. Lakin son dövrlərdə bu əməkdaşlıq müəyyən çətinliklərlə üzləşir.

Şahinoğlu vurğulayıb ki, ABŞ-dan müasir hərbi texnika əldə etmək üçün təkcə prezidentin və Pentaqonun razılığı kifayət etmir. Konqres də silah satışına mane ola bilər. Buna misal olaraq Türkiyənin ödənişini həyata keçirdiyi F-35 döyüş təyyarələrini əldə edə bilməməsini göstərmək olar. Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın satışa qarşı çıxmaması belə, məsələnin həlli üçün yetərli deyil, çünki bu proses Konqresin mövqeyindən də asılıdır.

Siyasi şərhçi hesab edir ki, ABŞ Konqresində siyasi qüvvələr nisbətinin dəyişməsi də Türkiyə, Pakistan və digər dövlətlərin müasir Amerika hərbi texnikası əldə etməsini çətinləşdirə bilər. Bu səbəbdən “Bədr müqaviləsi” iştirakçıları ABŞ-dan asılılığı azaltmaq, öz aralarında hərbi-texniki istehsalı genişləndirmək və müdafiə sənayesində müstəqil imkanlar formalaşdırmaq istəyirlər.

Elxan Şahinoğlunun fikrincə, “Məkkə Sazişi” və “Bədr müqaviləsi” daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu təşəbbüslər ABŞ-ın bölgədəki hegemon mövqelərinin zəifləməsi və regional tərəfdaşların hərbi-texniki əməkdaşlığı şaxələndirmək istəyi ilə əlaqəlidir.

O bildirib ki, “Məkkə Sazişi”nə və “Bədr müqaviləsi”nə yeni dövlətlərin qoşulması ABŞ-ın Avrasiya regionundakı mövqelərinin zəifləməsinə şərait yarada bilər.

Azərbaycanın bu təşəbbüslərdə iştirak etməməsinə də toxunan siyasi şərhçi qeyd edib ki, ölkəmiz nə “Məkkə Sazişi”nə, nə də “Bədr müqaviləsi”nə qoşulub. Azərbaycan hərbi-texniki istehsal sahəsində çoxtərəfli bloklaşmadan daha çox ikitərəfli əməkdaşlıq münasibətlərinə üstünlük verir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər