media-bahceli

Zəfər Günü münasibətilə Türkiyənin Yeni Partiyasının sədri Özgür Özəlin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edərək Azərbaycan xalqını təbrik etməsində qeyri-adi heç nə yoxdur.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Özgür Özəl Türkiyədə ana müxalifətin lideri statusunda olsa da, ölkəsinin Azərbaycanla strateji müttəfiqliyinin davam etdirilməsində Prezident Rəcəb Tayyib Ərdoğan qədər maraqlıdır.
Onun sözlərinə görə, bu baxımdan Özgür Özəlin İlham Əliyevlə telefon danışığı Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, Rəcəb Tayyib Ərdoğanın da maraqlarına cavab verir.
Elxan Şahinoğlu hesab edir ki, həmin telefon danışığını Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə yaşanan böhranla əlaqələndirmək düzgün olmazdı. Çünki Özgür Özəl 2024-cü il noyabrın 8-də də Azərbaycan Prezidentinə zəng edərək ölkəmizin ərazi bütövlüyünün bərpası və 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə təbriklərini çatdırmışdı.
Siyasi şərhçi xatırladıb ki, həmin telefon danışığı zamanı Özgür Özəl Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini yada salmış, o vaxt sədri olduğu Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini Prezident İlham Əliyevin diqqətinə çatdırmışdı.
Elxan Şahinoğlunun sözlərinə görə, həmin vaxt İlham Əliyev də telefon zənginə və təbriklərə görə Özgür Özələ təşəkkürünü bildirərək, əvvəllər müəyyən yanlışlıqların olduğunu, lakin bunların artıq keçmişdə qaldığını vurğulamışdı. Dövlət başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini də qeyd etmişdi.
Siyasi şərhçi hesab edir ki, Özgür Özəlin hazırda rəhbərlik etdiyi Yeni Partiyanın Türkiyə cəmiyyətində kifayət qədər siyasi dəstəyə malik olması Azərbaycanla dialoqun əhəmiyyətini daha da artırır.
Onun fikrincə, iki il sonra Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində bu amil xüsusi əhəmiyyət daşıyır. Belə ki, Yeni Partiyanın dəstəkləyəcəyi namizədin dövlət başçısı seçilməsi ehtimalı da nəzərə alınmalıdır.
Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Türkiyədəki siyasi qüvvələrlə münasibətlərini yalnız hakim partiya ilə əməkdaşlıq çərçivəsində qurmamalı, ölkənin siyasi gələcəyində rol oynayan müxtəlif partiyalarla da dialoqu inkişaf etdirməlidir.
Onun qənaətinə görə, Yeni Partiya ilə qurulan siyasi dialoq Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da möhkəmlənməsinə xidmət edir. Türkiyədə hakimiyyətin siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycanla münasibətlərin strateji əhəmiyyətinin qorunub saxlanılması hər iki ölkənin milli maraqlarına uyğundur.
Siyasi şərhçi yaxın müddətdə Türkiyənin hakim siyasi düşərgəsində təmsil olunan digər nüfuzlu siyasətçinin də Azərbaycana səfərinin mümkünlüyünə diqqət çəkib.
Elxan Şahinoğlu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının da Azərbaycana səfəri reallaşa bilər.
Onun sözlərinə görə, Türkiyədə millətçi siyasi qüvvələrin, siyasətçilərin və ekspertlərin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verməsi iki ölkə arasında yarana biləcək fikir ayrılıqlarının və böhranların aradan qaldırılmasında mühüm rol oynayır.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi partiyaların və liderlərin münasibətlərindən daha geniş məzmuna malikdir. Bu əlaqələrin möhkəmliyi hər iki ölkənin dövlət maraqlarına, ortaq tarixi və milli bağlarına, eləcə də strateji müttəfiqlik prinsipinə əsaslanır.
Elxan Şahinoğlunun fikrincə, Türkiyənin həm hakimiyyət, həm də müxalifət düşərgəsində Azərbaycanla strateji tərəfdaşlığın qorunmasına marağın mövcudluğu Bakı-Ankara münasibətlərinin gələcəyi baxımından müsbət siyasi təminatdır.

Vural


media-adspc

Bənzər xəbərlər