media-17943036762461047006_1200x630

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, danışıqlar ərəfəsində Ukraynanın Avropa İttifaqı və ABŞ nümayəndələri ilə keçirdiyi məsləhətləşmələr Kiyevin müttəfiqləri ilə vahid mövqedən çıxış etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, həmin məsləhətləşmələrdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.
Elxan Şahinoğlu hesab edir ki, Rusiya ilə birbaşa müzakirələrdən əvvəl keçirilən bu görüşlər Ukraynanın diplomatik mövqeyini gücləndirməyə hesablanıb. Kiyev çalışır ki, ABŞ Moskva ilə danışıqlarda təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizlik maraqlarını da nəzərə alsın.
Siyasi şərhçi qeyd edib ki, Ukraynanın Əbu-Dabi danışıqlarında əsas məqsədləri hərbi əməliyyatların dayandırılması, etibarlı təhlükəsizlik zəmanətlərinin əldə edilməsi, ölkənin iqtisadi bərpasının təmin olunması və humanitar məsələlərin həllidir.
Elxan Şahinoğlunun fikrincə, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etməsi və Kremlin müharibəyə yanaşmasında hər hansı ciddi dəyişikliyin müşahidə olunmaması danışıqların nəticələrinə nikbin yanaşmağa əsas vermir.
Siyasi şərhçi bildirib ki, Moskvanın mövcud mövqeyi nəzərə alınarsa, Əbu-Dabi görüşündən müharibənin tam dayandırılması ilə bağlı razılaşma əldə olunacağını gözləmək çətindir.
Bununla belə, onun qənaətinə görə, hazırkı danışıqlar Rusiya üçün cəbhəboyu atəşkəsə razılaşmaq baxımından əlverişli fürsət yaradır. Moskva bu imkandan istifadə etsə, müharibənin miqyasının azaldılması və diplomatik prosesin irəliləməsi üçün zəmin yarana bilər.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski son dövrlərdə diplomatik fəallığını artırıb. Onun Türkiyəyə səfəri zamanı Ankaranın vasitəçilik təşəbbüslərinə müsbət yanaşdığını bir daha vurğulaması da bunun göstəricisidir.
Elxan Şahinoğlu bildirib ki, Zelenski Türkiyənin Rusiya rəhbərliyinə təsir imkanlarından istifadə etməsində maraqlıdır. Ankara kimi Kiyev də Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin olunmasını vacib hesab edir.
Onun sözlərinə görə, Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələsi Ankarada keçirilən görüşlərdə geniş müzakirə olunub. Zelenski bu mövzunu daha sonra, noyabrın 9-da Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında da gündəmə gətirib.
Liderlər Qara dənizdə taxıl dəhlizinin fəaliyyətinin bərpası, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində diplomatik səylər və Hindistanın bu prosesə verə biləcəyi töhfələri müzakirə ediblər.
Siyasi şərhçinin sözlərinə görə, telefon danışığından sonra Zelenski Hindistanın ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazır olduğunu bildirib və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.
Öz növbəsində Narendra Modi sosial şəbəkədəki paylaşımında Hindistanın Moskva ilə Kiyev arasında münaqişənin nizamlanmasına hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Elxan Şahinoğlu qeyd edib ki, Hindistan müharibədə neytral mövqe tutmasına baxmayaraq, tərəfləri münaqişəni başa çatdırmağa çağırır. Dehlinin diplomatik prosesə töhfə vermək istəyi də bu baxımdan diqqətəlayiqdir.
Siyasi şərhçi hesab edir ki, Qara dənizdə ticarət gəmilərinin sərbəst və təhlükəsiz hərəkətinin təmin olunması yalnız Ukrayna və Türkiyə üçün deyil, bir çox dövlət üçün mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Kremlin Qara dənizdə gəmiçilik yollarını bloklamağa çalışması və ticarət gəmilərinin təhlükəsizliyinə təhdid yaratması müxtəlif ölkələrin iqtisadi maraqlarına zərər vurur. Bu siyasətin mənfi nəticələri Rusiyanın öz iqtisadiyyatına da təsirsiz ötüşmür.
Elxan Şahinoğlu bildirib ki, buna baxmayaraq, Kreml müxtəlif ölkələrin Qara dəniz vasitəsilə Ukrayna ilə ticarət əlaqələri qurmasına mane olmaq siyasətindən imtina etmir. Ukrayna da öz növbəsində Qara dənizdə Rusiyanın maraqları üçün ciddi problemlər yaradır.
Siyasi şərhçinin qənaətinə görə, Əbu-Dabidə keçirilən üçtərəfli görüşdə genişmiqyaslı razılaşmanın əldə olunması çətin görünür. Ancaq tərəflər Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyi və gəmiçilik yollarının açıq saxlanılması ilə bağlı razılığa gələ bilsələr, bu, müharibənin miqyasının azaldılmasına mühüm töhfə verərdi.
Elxan Şahinoğlu hesab edir ki, hazırkı şəraitdə böyük sülh razılaşmasından daha çox, konkret məsələlər üzrə əldə ediləcək razılaşmaların əhəmiyyəti böyükdür. Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması belə razılaşmaların ən vaciblərindən biri ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər