media-577344060_122150023244741436_6542762841856913379_n
Elnarə QARAGÖZOVA,
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Ədəbiyyatda yaddaşın təqdimatı xalqın, ümumilikdə isə bəşəriyyətin təhtəlşüurundan gələn elementlərin ədəbi mətn vasitəsilə ifadəsinin maraqlı üsullarından biridir. Professor Denis Sobolev “Ədəbi mətn və tarixi yaddaş problemi” məqaləsində yazır: “Başqa sözlə, bədii mətn dərin tarixi bilgilərin daşıyıcısıdır, lakin əksər hallarda bu bilgilərin olması faktı heç bir yerdə nə qeyd edilməyib, nə də əks olunmayıb.” Yaddaş ədəbi mətndə müxtəlif aspektlərdən işıqlandırıla bilər. Azərbaycan ədəbiyyatına nəzər saldıqda yaddaşın ədəbi mətnlərimizdə əsasən aşağıdakı kimi əks olunduğunu deyə bilərik:
· individual yaddaş elementləri – xatirələr, yazarın həyatında qarşılaşdığı olaylar
· təhtəlşüurdan gələn elementlər- arxetipik obrazlar, arxetipik süjetlər
· mədəni yaddaşdan gələn elementlər- şərq dünyagörüşü və şərq mədəniyyətindən qaynaqlanan məqamlar
İndividual yaddaş elementləri ədəbi mətndə birbaşa ifadə olunur. Təhtəlşüurdan gələn elementlər və mədəni yaddaş elementləri isə dolayı yolla – yuxu, arxetipik simvol, obraz, mətnaltı məna kimi özünü göstərir.Müstəqillik dövrü Azərbaycan ədəbiyyatından bəhs etdikdə ilk qeyd edəcəyimiz məqam bu dövr ədəbiyyatının daha öncəki mərhələlərdən əsaslı  şəkildə fərqlənməsidir. Azadlığın, müstəqilliyin qazanılması, bu yolda verilən qurbanlar, 20 yanvar və Xocalı faciələri, I Qarabağ müharibəsinin ağrıları, keçid dövrünün keşməkeşləri, iqtisadi və mədəni quruculuq, öz gücümüzlə suveren dövlət kimi dünya miqyasına çıxmaq yolunda addımlar,  44 günlük Vətən müharibəsinin zəfəri bu dövr ədəbiyyatının mündəricəsini müəyyənləşdirir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına kompleks halında nəzər saldıqda bədii mətnlərdə izlənən əsas xətləri bu şəkildə qruplaşdıra bilərik:
· 70 illik əsarətdən sonra müstəqilliyin qazanılması prosesinin, yeni tarixi dönəmin əksi 
· Qarabağ ağrılarının, müharibə,vətənpərvərlik və zəfər notlarının bədii həlli
· Yeni ədəbi meyl və cərəyanların Azərbaycan variasiyalarının meydana çıxması  
·  Müasir çoxqatlı mətnlər vasitəsilə milli folklor, etnik kök və klassik ədəbiyyatla əlaqənin yaradılması
· Tarixi keçmişin bədii mətn vasitəsilə realizə olunması və soykökə qayıdış
· Dedektiv janrının plüralizm şəraitində intensiv inkişafı və janrın milli variasiyasının formalaşması
Müstəqillik dövrü ədəbiyyatımızda əsas müzakirə mövzusu olan məsələ yaranan bədii nümunələrin dünya arenasına çıxması prosesidir. Bu baxımdan ilkin etapda əsas məqam dünya oxucusunu maraqlandıra biləcək mətnin yaradılmasıdır. Oxucu üçün əsərin maraqlı olması üçün spesifik bədii  üsullardan istifadə mütləqdir.Bu baxımdan əsərdə qədim, məlum mifoloji mətnlərin reinterpretasiyası, arxetipik motivlərin yeni formatda işlənilməsi, məlum kanonik mətnin dekonstruktiv variantının yaradılması, sirli-fantastik səyahət motivinin mövcudluğu  və  macəravi, dedektiv süjetin  təqdimi bu məqsədin reallaşmasına imkan verir. Müstəqillik dövrü ədəbiyyatında yaddaşın təqdimatı təkcə daxili oxucu üçün deyil, dünya oxucusuna çıxış baxımından da əhəmiyyətlidir…

media-adspc

Bənzər xəbərlər