media-330041bd-0abb-4911-a5f7-c456f4a1c905_1200

İranın vitse-prezidenti Həmid Purməhəmmədinin İrəvana səfəri zamanı Göy məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi Azərbaycan mədəni irsi ətrafında yeni mübahisələrə səbəb olub.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bu addımı Azərbaycana məxsus dini irs üzərində erməni izləri yaratmaq cəhdi kimi qiymətləndirib və bunun İranın Ermənistan üzərindən Azərbaycana qarşı həyata keçirdiyi təxribatların tərkib hissəsi olduğunu bildirib.

Asif Nərimanlının fikrincə, Göy məscidin iclas zalına məhz Yeqişe Çarentsin adının verilməsi təsadüfi seçim olmaya bilər. Qarsda doğulmuş erməni şairin ən məşhur əsərlərindən biri olan “Nairi ölkəsi” əsərində Van gölü və Şərqi Anadolu əraziləri ilə bağlı tarixi-coğrafi təsəvvürlər ön plana çıxır. Həmin ərazilər erməni millətçi ideologiyasında “erməni yaylaları” kimi təqdim edilir və bu coğrafiyaya dair ərazi iddiaları irəli sürülür.

Siyasi təhlilçi qeyd edib ki, Çarentsin yaradıcılığında Ağrı dağı da tez-tez ermənilərin milli simvolu kimi təqdim olunur. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasəti fonunda ərazi iddialarının mifoloji əsaslarından biri olan “Nairi” anlayışını ədəbiyyata gətirmiş şairin adının Göy məsciddə əbədiləşdirilməsi diqqətçəkən siyasi məna daşıyır.

Asif Nərimanlı hesab edir ki, bu addım erməni ərazi iddialarının müxtəlif vasitələrlə gündəmdə saxlanılması cəhdi kimi qiymətləndirilə bilər. Onun qənaətinə görə, bu prosesdə Ermənistanın əsas dəstəkçilərindən biri İran çıxış edir.

Siyasi təhlilçi İranın vitse-prezidentinin İrəvana səfərinin regional siyasi proseslər baxımından da diqqətçəkən məqamlarla müşayiət olunduğunu vurğulayıb. Belə ki, Həmid Purməhəmmədinin “Ermənistan və onun baş naziri etibarlı tərəfdaşımızdır” açıqlaması İranın dini liderinin müşaviri Əli Əkbər Vilayətinin TRİPP layihəsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı xəbərdarlıq fonunda səslənib.

Asif Nərimanlının fikrincə, Tehran bir tərəfdən TRİPP layihəsi ilə bağlı narahatlığını və Paşinyana xəbərdarlığını ifadə edir, digər tərəfdən isə regional maraqlarına uyğun olaraq Ermənistanla tərəfdaşlığını gücləndirməyə çalışır. Purməhəmmədinin İrəvana səfəri də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

O bildirib ki, İran Ermənistanla münasibətlərini möhkəmləndirmək üçün mədəni əlaqələrdən də istifadə edir. Bu baxımdan Göy məscidin seçilməsi xüsusi diqqət çəkir. Siyasi təhlilçinin qənaətinə görə, bu addımla Tehran və İrəvan Azərbaycanla bağlı ortaq mövqelərini nümayiş etdirməyə, eyni zamanda, Ermənistanın regional siyasətində İranın etibarlı tərəfdaş olduğunu göstərməyə çalışırlar.

Asif Nərimanlı xatırladıb ki, Göy məscid üzərindən Azərbaycan mədəni-dini irsinə qarşı mübahisəli addımlar bundan əvvəl də atılıb. Belə ki, aprelin 8-də İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin iştirakı ilə məsciddə “Tarixi irsin məhv edilməsi: müharibə cinayəti və mədəni terrorizm” mövzusunda simpozium keçirilib.

Tədbir çərçivəsində Ermənistanın Tarix və Mədəni İrsi üzrə Tədqiqat Mərkəzinin hədiyyəsi olaraq iki ədəd “orta əsr məzar daşı”nın məscidə təqdim edilməsi mərasimi təşkil olunub. Tədbirdə həmin daşların XIX və XX əsrlərə aid olduğu, üzərində fars dilində epitafiyaların – qəbirüstü yazıların yerləşdiyi iddia edilib. Daha sonra isə Göy məscid XVIII əsrə aid memarlıq abidəsi kimi təqdim olunaraq, onun iki xalq – ermənilər və farslar arasında mədəni dialoqun nümunəsi olduğu bildirilib.

Siyasi təhlilçi bu təqdimatda ciddi ziddiyyətlərin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, məzar daşları əvvəlcə orta əsrlərə aid nümunələr kimi təqdim edilsə də, tədbir zamanı onların XIX və XX əsrlərə aid olduğu bildirilib. Daha sonra isə həmin daşlardan XVIII əsrə aid abidələr kimi bəhs edilib.

Asif Nərimanlı hesab edir ki, məzar daşlarının tarixi ilə bağlı bu cür ziddiyyətli məlumatlar Göy məsciddə aparılan təqdimatın və irəli sürülən iddiaların nə dərəcədə əsaslı olduğu barədə ciddi suallar yaradır.

Siyasi təhlilçinin qənaətinə görə, Göy məscidin tarixi və mədəni kimliyinin fərqli istiqamətdə təqdim edilməsi İran-Ermənistan yaxınlaşmasının yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını göstərir. Bu prosesdə Azərbaycanın tarixi-mədəni irsi üzərindən də müəyyən narrativlərin formalaşdırılmasına cəhd edilir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər